Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın gündəliyi, regional və qlobal əhəmiyyətli məsələlər müzakirə olunub.
XİN başçıları iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərini vurğulayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsini müsbət qiymətləndiriblər.
İkitərəfli ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün mövcud potensiala, turizm sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər Orta Dəhlizin səmərəliliyinin gücləndirilməsini, Gürcüstan və Qazaxıstanın prosesdə fəal iştirakını da vurğulayıblar.
Söhbət zamanı regionda təhlükəsizlik məsələlərinə və onların aradan qaldırılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyinə də toxunulub.