Çində milyarderlərin sayı bütün rekordları aşaraq 400 nəfərə çatıb. Bu barədə “Forbes” jurnalı məlumat yayıb. 2014-cü ilin oktyabrından 2015-ci ilin aprelinədək bu ölkədə milyarderlərin sayı 242 nəfərdən 400 nəfərədək artıb.
Çinli milyarderlərin siyahısına günəş enerjisi sahəsində dünyada ən böyük müəssisələrdən olan “Hanergy Holding”ın rəhbəri Li Xecun başçılıq edir. Onun sərvəti 31,3 milyard dollar təşkil edir. İkinci pillədə yer alan “Dalian Wanda Commercial Properties Co.”nun rəhbəri Van Çzanlin 29,6 milyard sərvətə malikdir. Varidatı 23,4 milyard dollar həcmində qiymətlədirilən “Alibaba” şirkətinin rəhbəri Cek Ma üçüncü yerdə qərarlaşıb.
Milyarderlər siyahısına bu il qadın da əlavə olunub. “Apple”-ı texniki avadanlıqla təmin edən “Zhou Lens Technology” şirkətinin rəhbəri Çjou Çunfey 10,2 milyard dollar sərvət sahibidir.