Pakistanlı məktəbli qız Malala Yuzifzaya sui-qəsddə şübhəli bilinən 10 nəfərdən səkkizinin işinə xitam verilib və onlar azad ediliblər. Aprel ayında Pakistan rəsmiləri bu işlə əlaqədar 10 talibançının müqəssir olduğu və onlara 25 il iş kəsildiyi barədə məlumat vermişdilər.
Lakin indi bəzi mənbələrdən alınan məlumatlarda onlardan yalnız ikisinin məhkum edildiyi bildirilir. Ümumiyyətlə, bu məhkəmənin bağlı qapılar arxasında aparılması lap əvvəldən şübhələrə səbəb olmuşdu.
Pakistanın Londondakı işlər müvəkkili Munir Ahmed cümə günü bildirib ki, Malalanın işi üzrə, 8 nəfər, onlara qarşı sübutlatın yetərli olmadığına görə azad ediliblər. Lakin Svot əyalətinin prokuroru Sayed Naim Associated Press Agentliyinə bildirib ki, Malalaya sui-qəsdə görə 8 nəfərə 25 il iş kəsilib.
Bundan bir qədər əvvəl Britaniyanın “Daily Mirror” qəzeti 10 müttəhimin hansı həbsxanalarda saxlanması ilə maraqlanmışdı. Maraqlıdır ki, Pakistan hakimiyyət orqanları bu işlə əlaqədar məhkəmənin vaxtını və yerini jurnalistlərə bildirməyiblər.
Bu ölkədə bütün terror işləri üzrə məhkəmələr qapalı keçirilir. Hazırda 17 yaşı olan Malala Yuzifzay Minqoradakı məktəbdən evlərinə gedərkən avtobusda Taliban döyüşçülərinin hücumuna məruz qalmışdı.
O hazırda ailəsi ilə birlikdə İngiltərənin Birmingem şəhərində yaşayır. Xanım Yuzifzaya qəsd edilməsinin başlıca səbəbi onun qızların təhsil haqları üçün kampaniya aparması olmuşdu.