Gürcüstan bir tərəfli müstəqilliyini elan edən Cənubi Osetiyada fəaliyyət göstərən rus əsgərlərinin nəzarət sahələrini genişləndirməklə bağlı Rusiyaya nota verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Cənubi Osetiyada fəaliyyət göstərən rus əsgərləri avqustun 10-da Gürcüstanın Kareli rayonunun Tamaraşeni və Tseronissa kəndlərində yeni sərhəd işarələri yerləşdirib.
Rus əsgərləri tərəfindən son bir ayda oxşar sərhəd işarələrinin 3 dəfə dəyişdirildiyi qeyd edilən açıqlamada Rusiya Federasiyasının "təcavüzkar əməllərlə" regionda qeyri-sabitlik və gərginlik yaratdığı deyilib.
Nota Rusiyaya çatdırılması üçün İsveçrənin Tiflisdəki Səfirliyinə təqdim edilib.
Qeyd edək ki, Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda baş vermiş müharibədən sonra Rusiya tək tərəfli olaraq müstəqilliklərini elan edən Abxaziya və Cənubi Osetiya tanıdığını açıqlayıb. Bununla da Gürcüstan Rusiya ilə diplomatik əlaqələrini kəsib. İki ölkə arasındakı diplomatik əlaqələri İsveçrənin Tiflisdə və Moskvadakı səfirlikləri yerinə yetirir.
Samir