Şimali Koreyanın bu gün peyk daşıyan uzaqmənzilli raketini orbitə buraxması ciddi narazılıqla qarşılanıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, ilk kəskin reaksiya BMT-nin Baş katibi Pan Gi Mundan gəlib. O, bunu acınacaqlı hal kimi qiymətləndirib:
"Şimali Koreyanın bu addımı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Koreya Xalq Demokratik Respublikasının rəhbərliyini təxribat xarakterli hərəkətləri dayandırmağa və beynəlxalq öhdəliklərə riayət etməyə çağırıram".
ABŞ-ın müdafiə naziri Eşton Karter KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını, onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını qeyd edib. Pentaqon rəhbəri vəziyyətin mütəxəssislər tərəfindən tam nəzarətə götürüldüyünü bildirib. ABŞ dövlət katibi Con Kerri də KXDR-in raket buraxmasını beynəlxalq qətnamələrin pozulması kimi dəyərləndirib.
Avstraliya xarici işlər naziri Culi Bişol ölkəsi Pxenyan hökumətinin təxribatçı hərəkətlərinin müzakirə edilməsi üçün təcili toplantı keçirəcək. Bişolun sözlərinə görə, Şimali Koreya region və bütün dünya üçün təhlükə törətməkdə davam edir.
Yaponiya Baş naziri Sindzo Abe Pxenyanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib: "Bu qəbuledilməzdir. Dünya birliyini KXDR-ə qarşı ciddi tədbirlər görməyə çağırıram".
Öz növbəsində, Çin xarici işlər naziri Xua Çunin ölkəsinin Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib: "Pekin rəhbərliyi Pxenyanın bu addımından təəssüf hissi keçirib. Təcili toplantı çağırılıb. KXDR-ə qarşı yeni qadağaların tətbiq ediləcəyi istisna deyil".
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası bu gün peyk daşıyan uzaqmənzilli raketini orbitə buraxdığını və bunun uğurla həyata keçirildiyini bəyan edibr. Yaponiyanın Okinava adası yaxınlığında hava buraxılan raket 790 kilometr qət etdikdən sonra radardan itib. Raketin buraxılmasından sonra Cənubi Koreya və BMT təcili iclas keçirməklə bağlı qərar qəbul edib. BMT Təhlükəsizlik Şurasının təcili toplantısı bu gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
Samir