Avropa Birliyinin xarici işlər naziri Federika Moqerini martın 14-də birliyə üzv 28 ölkənin xarici işlər nazirləri ilə görüşündən sonra jurnalistlərə açıqlamasında İranın son günlərdə həyata keçirdiyi raket sınaqlarına münasibət bildirib.
Federika Moqerini bildirib ki, İranın raket sınaqları Tehranla Qərb arasında əldə edilmiş nüvə razılaşmasını pozmur və Avropa Birliyi hələlik İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil: “Lakin “Sepah”ın son ballistik raketlərini sınaqdan keçirməsi, bölgədəki mövcud çaxnaşmanı artıra bilər. Biz, İrandan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalmasını gözləyirik. Raket sınaqları, regiondakı qarşılıqlı münasibətlərdə problem yarada bilər. Orta Şərqin isə yeni çaxnaşmaya ehtiyacı yoxdur. Halbuki, belə sınaqlar bu çaxnaşmanı yarada, onu qızışdıra bilər”.
Xatırladaq ki, martın 8-i və 9-da İranın Qum əyalətində “Sepah”ın “Qiyam”, “Qədr” və daha bir neçə ballistik raketi sınaqdan keçirilib. Yeni raketlərin sınaqdan keçirilməsi mərasiminə, “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri və qurumun hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə qatılıb.