Xəbər verildiyi kimi, Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Martın 19-da Bakı vaxti ilə saat 4:50-də baş vermiş hadisə nəticəsində təyyarənin göyərtəsində olan 61 nəfərin hamısı - 55 sərnişin və 6 ekipaj üzvü dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, Dubayın “FlyDubai” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb.
Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir. Təyyarənin Dubay-Rostov marşrutu üzrə uçduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub.
Rusiya FHN-in məlumatına görə, mürəkkəb hava şəraitində təyyarə birinci dəfə zolağa enə bilməyib, ikinci cəhd zamanı qəza baş verib. Yerə çırpılan təyyarə yanaraq parçalanıb. Qəza ilə əlaqədar Rusiya FHN-də “qaynar xətt” yaradılıb.
Təyyarə qəzası ilə əlaqədar uçuşların təhlükəsizlik qaydalarının pozulması barədə cinayət işi açılıb.
Martın 21-də Rostovda matəm elan olunacağı gözlənilir.