ABŞ Dövlət Departamenti 2015-ci ildə dünyanın bir sıra ölkələrində, o cümlədən də İranda insan hüquqlarının durumu ilə bağlı illik hesabat yayıb.
Teleqraf.com GünAZ TV-yə istinadən xəbər verir ki, aprelin 13-də yayılan hesabatın İranla bağlı bölümündə bildirilir ki, 2015-ci ildə İranda insan haqları ilə bağlı vəziyyət nəinki yaxşılaşmayıb, hətta bir çox sahələrdə, əvvəlki illərlə müqayisədə daha pisləşib: “İranda mədəni azadlıqların məhdudlaşdırılması, seçkilərin azad şəraitdə keçirilməsinin qarşısının alınması və ədalətsiz məhkəmə proseslərində yeniyetmələrə ölüm hökmlərinin çıxarılması davam edir. İranda siyasi motivlərə görə həbs edilən məhbuslarla, o sıradan da jurnalistlərlə qeyri-insani rəftar və onlara qarşı zorakılıq nümunələri, senzura və digər onların məhdudiyyətlər, adi hal sayılır.
İran zindanlarına hakim qorxunc və təhlükəli şərait və hahnısa bir məhbusun bədən üzvünün kəsilməsi barədə ədalətsiz hökmlərin çıxarılması barədə məlumatlar yayılır. Bundan başqa İranda qadınlara, milli və dini azlıqlara, eləcə də müxtəlif cinsi azlıqlara qarşı zorakılıq və ayrı-seçkilik siyasəti davam edir, anti-semitizm (anti-yəhudi) təbliğatına və bununla bağlı təhrikçi əməllərə rəvac verilir. Həmçinin fəhlələrin hüquqları kobud şəkildə pozulur, onların nümayəndələri təqib və təzyiqə məruz qoyulur, edamlar səngimək bilmir”.
Hesabatda bildirilir ki, İranda vətəndaşlar, “Allaha qarşı müharibə aparmaqda”, “Yer üzündə fəsad törətməkdə”, “Ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda”, “qətldə”, “cinsi təcavüzdə” və “narkotik maddələrin qaçaqmalçılığında”, eləcə də ölkə lideri Əli Xamneyini və ayətullah Xomeynini təhqirdə günahlandırılaraq edama məhkum edilir, həbsxanada işgəncəyə məruz qoyulurlar”.
Bəkir