29 Aprel 2016 19:39
2 009
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir".
Milli.az xəbər verir ki, Ermənistan parlamentində səslənən bu açıqlama tək ermənilərin ali qanunverici məclisində yox, cəmiyyətdə və mediada "bomba partlayışı" effekti yaradıb.
Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər ərazilərinə ermənilərin heç bir hüququnun olmaması barədə etiraf Ermənistan parlamentinin vitse-spikeri, iqtidarda olan Ermənistan Respublika Partiyasının önəmli funksionerlərindən biri Ermine Nağdalyana məxsusdur.
O, Ermənistanda Seçki Məcəlləsinə əlavələr və dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirə edildiyi iclasda çıxış edərkən belə deyib.
"Dağlıq Qarabağın statusu və gələcəyi ilə bağlı danışıqlar qaçılmazdır. Ona görə referendum keçiriləndə, statsusla bağlı qərar qəbul olanda və dünya birliyinin də qarabağlı ermənilərin dövlət müstəqilliyini tanıması üçün konkret addımlar atmağa başlayanda deməliyik ki, hüququmuz olmayan torpaqları istəmirik. İndi əlimizdə, nəzarətimizdə olan o torpaqlara heç bir hüququmuz yoxdur", - E.Nağdalyan söyləyib.
Ermənistan parlamentinin vitse-spikeri bu bəyanatının ölkədə, habelə qarabağlı ermənilər və xarici ölkələrdəki erməni diasporunda çox böyük rezonans doğurduğunu anlayanda geri çəkilib, özünə bəraət qazanmağa çalışıb: "Kütləvi informasiya vasitələrimiz həmişə olduğu kimi sözlərimi təhrif ediblər, olmayanları olan, deyilməyənləri deyilən kimi təqdim ediblər. Mən indiki vəziyyətdən yox, 2010-2011-ci illərdəki situasiyadan, Madrid prinsiplərindən danışmışam. Ölkəmizin rəsmi mövqeyindən fərqlənəcək bir kəlmə də deməmişəm. Artıq neçə ildir ki, biz danışıqları "ərazilər əvəzinə status" variantı əsasında aparırıq. Belədirsə, sözlərimdə qəribə, anlaşılmaz nə olub ki?!"
Ermənilərsə belə düşünmürlər. Ermənistan mediası E.Nağdalyanın çıxışı ilə bağlı xəbərləri "Vitse-spikerdən azərbaycanlılara hədiyyə", "Erməniyə erməni zərbəsi", "Ermənistan Dağlıq Qarabağ ermənilərini hərraca çıxarır?" və s. bu tipli başlıqlarla təqdim ediblər.
E.Nağdalyanın açıqlamasını "şüurun qapanması" adlandıran ermənilər də az deyil.
Lakin çox təcrübəli siyasətçi, ən başlıcası isə Ermənistan prezidenti Serj Sarkisyana həddən ziyadə sədaqətli şəxs olan E.Nağdalyanın açıqlaması heç bir halda təsadüf sayıla bilməz.
Onun etirafı Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra Ermənistan rəhbərliyinin məntiqində və mövqelərində dəyişikliklərin qismən nümayiş olunmasıdır.
İrəvanın məntiqi, əslində, məntiqsizlikdir. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan "indiki situasiyada danışıqlar aparılmasında məntiq görmürəm və Ermənistan bu səbəbdən prosesdən kənara çəkilir" desə də, danışıqların məzmunundan, məntiqindən yox, şərtlərindən danışır.
Şərtlərlə bağlı məsələ həll olunsa, Ermənistana qarşı "sülhə məcburetmə" prosesi başlansa, nə olacaq - Sarkisyan bu barədə ermənilərə açıqlamalar vermək niyətində deyil.
E.Nağdalyanın bəyanatı həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində həll variantı qismində rəsmi İrəvanın "Madrid prinsipləri"nin gerçəkləşməsinə çalışdığını göstərir.
Nədən ki, S.Sarkisyan və Ermənistan nazirləri Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra danışıqların mümkünsüzlüyünü inadla vurğulayırlar. Əslində, onlar ATƏT-in Minsk Qrupunun və Bakının nəzərinə çatdırmaq istəyirlər ki, "status əvəzinə ərazilər" variantını müzakirə etməyə hazırdırlar: sadəcə, hərbi əməliyyatlardan bir qədər vaxt keçməsini istəyirlər.
Ermənistan habelə, Azərbaycanı yeni müharibə ilə hədələyir, amma özü də yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların başlanması İrəvan üçün fəlakət olardı.
Üstəlik, erməni cəmiyyətində Sarkisyan hakimiyyətindən narazılıq sürəkli artdığından rəsmi İrəvan cəbhə xəttində atışmalar, Azərbaycan kəndlərinin bombalanması yolu ilə hərbi diplomatiya variantını seçdiyini göstərir.
Bu, İrəvanın son vaxtlardakı ən kobud səhvidir: sporadik bəyanatlarla sürəkli atışmalar uyuşmur və Ermənistan hərbçiləri Azərbaycan kəndlərini bombalamağa davam etdikcə münaqişənin danışıqlar yolu ilə nizamlanma variantalarının effektivlik ehtimalı bir o qədər azalır.
Yeni müharibə regional fəlakət olacaq və Ermənistan parlamentinin vitse-spikeri həm Rusiya, həm də Qərbdən təzyiqlərə İrəvanın davam gətirməməsi səbəbindən erməniləri danışıqlara hazırlamağa başlanmasına dəlalət edən ilk mesajı səsləndirib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda dalan situasiyasının yaranmasına az qalıb. Belə vəziyyətdə düşməni ya tammiqyaslı hərbi məğlubiyyətə düçar etmək, ya da problemi siyasi yolla həll etmək gərəkdir.
Hər iki variantın təmərküzləşdiyi istiqamətsə ən yaxşı yoldur.
Dünya birliyi və xüsusilə də ATƏT-in Minsk qrupu münaqişənin çözülməsində indiyədək heç bir ciddi irəliləyişə nail olmayıb. Minsk qrupunun həmsədrləri az qala ermənilərin ictimai nümayəndələrinə çevrildiklərindən E.Nağdalyanın ilk baxışdan ermənilərçün şok effekti yaratmış bəyanatı reallıqda həmsədr ölkələrin mövqelərinin yoxlanması, zondajı məqsədi güdür. Cəhd alınmadı.

Müəllif:

Oxşar xəbərlər