Demokrat partiyasından ABŞ prezidentliyə əsas namizəd Hillari Klinton respublikaçı rəqibi Donald Trumpa qarşı hücuma keçib.
Teleqraf.com "Azadlıq.org"a istinadən xəbər verir ki, Klinton "ABŞ etibarsız namizədlə riskə getməməlidir" deyib: “Bizim növbəti prezidentimiz 3 sınaqdan keçməlidir. Ailələrə kömək etmək, onları irəli aparmaq, təhlükəsizliyimizi təmin eləmək və ölkəmizi birləşdirmək. Amma Donald Trump bu 3 sınaqdan çıxa bilməyəcək, ABŞ və dünyanın üzləşdiyi problemləri nəzərə alanda biz bu riskə gedə bilmərik”.
Keçmiş Dövlət katibi həmçinin onun seçkiqabağı kampaniyalar zamanı miqrantlara, xüsusilə də latınamerikalılara qarşı münasibətini tənqid edib.
Qeyd edək ki, Hillari Klinton çərşənbə axşamı İndiana ştatında keçirilən praymerizdə rəqibi Berni Sandersə uduzsa da Demokrat partiyasından əsas namizəd olaraq qalır.
Trump isə həmin ştatda qalib gəlib və bundan sonra rəqiblərinin ikisi də yarışdan çıxıb. Hillari Klinton bundan sonra mübarizəni Trumpa yönəldəcəyini bəyan edib.
ABŞ-da prezident seçkisi bu ilin noyabrında keçiriləcək.