Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları prezidentliyə sabiq namizəd Nurlan Motuyevi həbs edib.
Bu barədə DMTK-nin rəsmi nümayəndəsi Rahat Sulaymanov məlumat verib.
O, N.Motuyevin həbs olunduğunu, ona qarşı ittiham irəli sürüləcəyini bildirib.
R.Sulaymanovun sözlərinə görə, siyasətçinin həbsinin səbəbi ictimai tədbirlərdə - bir müddət əvvəl keçirilmiş Bişkek forumunda, eləcə də mitinq zamanı "terrora çağırış" olub. DMTK rəsmisi bu çağırışların əks olunduğu videoların internetdə yerləşdirildiyini də əlavə edib.
Yerli KİV-in məlumatına görə, Bişkekdə keçirilən forumda N.Motuev insanları bu həyatdakı güzəranını yaxşılaşdırmağa yox, əsl mücahid kimi yaşamağa çağırmışdı. "Şəriət qaydalarını tətbiq etmək lazımdır", - deyə o, çağırış etmişdi. (“Report”)