Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən güclü hərbi qarşıdurmadan sonra Rusiya telekanallarında anti-Azərbaycan çıxışlar edildi. Xüsusilə, çoxsaylı ermənipərəst, yaxud milliyyətcə erməni siyasi ekspertlər debat proqramlarında ağızları köpüklənə-köpüklənə Azərbaycanı münaqişənin eskalasiyasında ittiham etməyə başladılar.
Frans Klintseviç, Sergey Kurqinyan, Gevorq Mirzəyan, Maksim Yusin, Vladislav Şurıqin, Boris Nadejdin, aparıcılar Pyotr Tolstoy, Roman Babayan… Onların arasında biri də var idi. Semyon Baqdasarov. Yaxın Şərq və Mərkəzi Asiyanı Öyrənmə Mərkəzinin rəhbəri Semyon Arkadyeviçi azərbaycanlı ekspertlər haqlı olaraq “Baqdasaryan” kimi təqdim edirdilər.
Mayın 22-də “Rossiya1” telekanalında efirə gedən “Bazar axşamı” (“Воскресный вечер”) proqramında aparıcı Vladimir Solovyev studiyada qara-qışqırıq salmaqda heç də Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskidən geri qalmayan S.Baqdasarovu sakit-sakit verdiyi cavablarla cin atına mindirib. Münaqişə getdikcə daha da qızışıb. Aparıcı V.Solovyev Baqdasarovun təhqir ittihamına cavab olaraq deyib: “Hələlik hamını təhqir edən sizsiniz. Siz hələ heç bunun fərqinə də varmırsınız” deyib. V.Solovyev daha sonra gülərək Jirinovski-Baqdasarov dueti barədə deyib: “Jirinovski sizin onun partiyasına getməyəcəyinizi hələ də bilmədiyi üçün sizi müdafiə edir” deyib.
Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Aleksey Puşkov isə S.Baqdasarovu “fantazyor, demaqoq və təxribatçı” adlandırıb.
Qeyd edək ki, proqramda Suriya böhranının həlli yolları müzakirə olunub.
Səxavət HƏMİD