27 Sentyabr 2023 09:28
32 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən tanınmış simalarındandır. Hər sözü bir hadisəyə çevrilir və təzadlı fikirlər doğurur. Yaradıcılığında ən mühüm özəlliksə ölkədən kənarda da şöhrət tapmasıdır. Obrazları da müəllifi kimi sərhədlər aşıb.

İki yüzdən çox roman müəllifi olan Çingiz Abdullayev 34 dilə tərcümə edilib. Dünyanın on ən məşhur detektiv yazıçıları sırasında yer alır. Dünyada ən çox çap edilən və ən çox oxunan yazıçılardandır.

Bir çox ədəbi rekordlara imza atan xalq yazıçısı Çingiz Abdullayevlə müsahibəni təqdim edirik.

- Çingiz müəllim, siz ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifisiz. Bu kitabları yazmağa necə vaxt çatdırmısız?

- Hesab edirəm ki, hələ az yazmışam. Mən özümü tənbəl adam sayıram (gülür).

- Oxucuları maraqlandıran suallardan biri də sizin bu mövzuları necə tapa bilməyinizdir. Mövzuları hardan alırsız?

- Yuxularımdan (gülür). Mən gündə dörd-beş saat yatıram, amma yuxu görməmiş oyanmıram. Həyatım üç hissəyə bölünüb: reallıqda, yuxularda və kitablarda. Yuxularda və kitablarda mən daha xoşbəxt oluram.

Düzdür, mən həyatdan şikayətlənmirəm, günü bu gün də Allah məni çağırsa, deyərəm hər şeyə görə təşəkkür... Çox adam soruşur ki, Nobel mükafatı istəyərdin? Versələr, əlbəttə, istəyərdim. Amma heç vaxt böyük mükafatlara can atmamışam.

- Mən AYB-yə gələndə bir oxucunuzla qarşılaşdım. Sizdən müsahibə alacağımı biləndə, bu suala da cavab verməyinizi xahiş etdi: Dronqonun taleyi necə oldu?

- Dronqo yaxşıdır, işləyir, çalışır. Mən onu yazanda dünyəvi bir qəhrəman yaratmaq istəyirdim. Mənə həmişə toxunurdu ki, Ceyms Bond dünyada tanınır, amma bizim belə qəhrəman obrazımız yoxdur. İstəyirdim bu obraz azərbaycanlı olsun.

Dronqo elə populyar oldu ki, indi dünyada bu adda beş restoran, altı klub var. Çingiz Aytmatovun oğlu, keçmiş xarici işlər naziri Əsgər Aytmatov Bakıda olanda söylədi ki, Qırğızıstanda da "Dronqo" adlı klub var. Klubun rəhbəri Qırğızıstanın keçmiş prezidenti, mənim oxucum Roza Otunbayevadır.

İndi bəziləri ironiya edir ki, Çingiz Abdullayevin kitablarını oxuyan kimdir? Kitablarımın daha bir məşhur oxucusunun adını çəkmək istəyirəm: məşhur gürcü şahmatçısı Nona Qaprindaşvili. Düzü, onun mənim oxucum olduğundan xəbərsiz idim. Şuşaya səfəri zamanı Qaprindaşvili bildirib ki, Çingiz Abdullayev mənim ən sevimli yazıçımdır.

Sonra deyirlər "detektivi kim oxuyur?" Yaxud "dedektivi səviyyəsiz adamlar oxuyur". Əgər səviyyədən danışmalı olsaq, 18 il şahmat üzrə dünya çempionu olan bu qadının mənim kitablarımı oxuduğunu nümunə göstərmək kifayətdir.

- Çingiz müəllim, ölkədən kənarda bu şöhrətin ilk uğuru nə vaxt gəldi?

- Məsələn, hansı ölkədə?

- Rusiyadan başlayaq.

- Mənim ilk kitabımın Bakıda nəşrinə Dövlət Təhlükəsizlik Komitəsi icazə vermirdi. Amma 30 min tiraj bir həftədə satıldı. Sonra 100 min tirajla Rusiyada çıxdı, o da satıldı. Krasnodarda da 400 min nüsxə ilə satdılar.

Belə bir uğur hələ olmamışdı.Amma mən özümü hələ də peşəkar yazıçı hesab etmirdim. Baxmayaraq ki, 1989-cu ildən Yazıçılar Birliyinin katibiyəm. 1994-cü ilə kimi mənim cəmi 4 kitabım çıxmışdı.

Bir gün mənə Rostovdan zəng etdilər ki, sizin kitablarınız böyük uğurla satılır, biz kitablarınızı nəşr etmək istəyirik. Mən də həmin vaxt bir az kefsiz idim, başım ağrıyırdı, dedim, daha kitab yazmaq istəmirəm.

Təkidlə dedilər ki, təzə əsəriniz varsa, göndərin. İyirmi səhifə göndərdim. Zəng etdilər ki, çap etmək istəyirik. Zarafatla dedim ki, əlli qat artıq qonorar versəniz də, istəmirəm. Dedilər ki, istədiyiniz qədər qonorar verməyə hazırıq, təki kitabın nəşrinə icazə verin.

Mən kitabın ardını da yazdım və Moskvaya apardım. Kitabı təhvil verəndən sonra əllərimə baxdım və öz-özümə dedim ki, əgər mən bu əllərlə yazdığım əsərlərdən pul qazanıramsa, demək, artıq peşəkar yazıçıyam.

Ardınca o biri nəşriyyatlar da zəng vurdular. Sonra Avropadan təkliflər gəldi. Mən inanmazdım ki, hətta Fransada da mənim kitablarıma bu qədər maraq olsun.

- Rusiyada oxucular tanımadıqları, üstəlik, başqa ölkədən olan müəllifin kitabını önyarğıyla qarşılamadılar ki?

- Əlbəttə, Rusiyada siyasi detektiv yazan yeganə azərbaycanlı kimi mənə şübhə və inamsızlıqla yanaşırdılar. Mənə deyirdilər ki, "Abdullayev" soyadlı yazıçının kitabını heç kim almaz. Hətta məni burda Mərkəzi Komitənin mədəniyyət şöbəsinə də çağırdılar. Dedilər ki, kriminaldan yaz, ancaq siyasi detektivə toxunma, bu, yəhudilərin bacardığı işdir. Sən əyalət yazıçısısan, bu məzmunda yazma.

Cavan oğlan idim, dəliqanlı idim, dedim yazacam. Və yazdım. Nəticə necə oldu? Rusiyanın səfiri Mixail Boçarnikov dedi ki, Rusiyada elə bir şəhər yoxdur, orda Çingiz Abdullayevin kitabı satılmasın.

"Heç düşünməzdim ki, kimisə bu qədər sevə bilərəm"

- Mən qadın adından altı kitab yazmışam. Deyirlər, kişi heç vaxt belə kitab yaza bilməz. Mən yazmışam...

- Sizin qadınlara xüsusi incə münasibətiniz var. Hətta "Qadınlar başqa sivilizasiyadır" deyirsiz.

- Bəli. Bəzi səviyyəsiz adamlar bu fikri səhv yozur. Hər şey anadan başlayır, bunu anlamayan insan dünyanı anlamır. Uşaq ən əvvəl ananı görür. Dünyaya uşaq gətirən hər bir qadın mənim üçün müqəddəsdir, çünki o, dünyəvi sirri bilir. Hər bir qadın bilir ki, dünyada onun özündən də vacib bir həyat var - onun övladı.

Düzdür, biz kişilər də müharibəyə gedirik, torpaq uğrunda vuruşuruq, amma qadınların bildiyi dünyəvi sirri biz bilmirik...

- Hər kişi qadınları belə anlamağa qadir deyil.

- Amma məni bu fikirlərə görə təhqir edənlər olur. Bir neçə dəfə demişəm, genetik olaraq təsdiq edilib ki, ağıl oğula anadan keçir. Bir nəfər yazmışdı ki, necə yəni, demək istəyirsən ki, mənim ağlım oğluma keçmir?

- Xanımlar arasında xüsusi populyarlığınız var. Tədbirlərdə, görüşlərdə sizi qadınlar əhatə edir, sizinlə şəkil çəkdirməyə can atırlar.

- Bəlkə inanmayacaqsız, amma hər gün beş-altı qadın mənimlə şəkil çəkdirməyə AYB-yə gəlir. Qızım bir dəfə dedi ki, elə bir gözəl qadın qalmayıb ki, atamla şəkil çəkdirməmiş olsun.

Nə gizlədim, bu mənada təvazökar ola bilmərəm. Yaradıcı insanlar istəyir onu tanısınlar, rəğbət duysunlar. Mən buna sevinirəm. Kitabımı yüzlərlə, minlərlə adam oxuyanda, necə fəxr etməyim?

- Xanımınız sizi pərəstişkarlarınıza qısqanmır ki?

- Mən 36 ildir evliyəm. Qısqanmaq olar beş il, altı il, on il. Gərək onda Tamara Sinyavskaya özünü öldürərdi. Müslüm Maqomayev o dərəcədə sevilirdi ki, bir dəfə hətta pərəstişkarları onun avtomobilini qaldırıb çiyinlərində daşımışdılar.

- Ümumiyyətlə, Çingiz Abdullayev sevgini necə görür? Sevgi sizin üçün nədir?

- Bir dəfə Səhiyyə İnstitutunda çıxış edirdim. Zalda 600 adam oturmuşdu. Mənə sevgi haqqında sual verdilər. Dedim ki, bu yaşımda vurulmuşam bir qadına. Heç ağlıma gəlməzdi ki, kimisə hətta həyat yoldaşımdan, qızımdan da çox sevə bilərəm. Ona baxanda başa düşürəm ki, sevgi nədir.

Yerbəyerdən söylədilər ki, adını de, o kimdir? Dedim, o, mənim nəvəmdir. Bəziləri səsləndi ki, bu sayılmır! Dedim, yox, elə əsas bu sayılır. Məhəbbət ailəyə olan hisslərdir. Mənim nəvələrimin hamısı oğlandır. Çox sevindim ki, bizim ailədə nəhayət qız uşağı doğuldu. Bax, məhəbbət budur. Ailəyə, valideynlərə, övladlara olan məhəbbət.

Biz çox vaxt valideynlərimizə sevgimizi ifadə etməyə utanırıq. Mən institutda tələbələrimə tez-tez bu sözləri təkrar edirəm: "Siz bilmirsiz necə xoşbəxt insanlarsız. Siz bu gün evə qayıdıb ata-ananızı görəcəksiz. Onları sevdiyinizi deməkdən utanmayın, çəkinməyin".

Mən ailənin böyük oğlu olmuşam. İlk oxucum atam olub. Onu çox sevmişəm, amma heç vaxt bunu ona deməmişəm.

Bir dəfə radioda bir neçə nəfərlə birgə qonaq idim. Dedim ki, həyatda yeganə bir şeyə təəssüflənirəm: atama onu sevdiyimi heç vaxt deməmişəm. Birdən Bəhram Bağırzadə hönkür-hönkür ağladı. Dedi ki, mən də heç vaxt atama onu sevdiyimi deməmişəm və buna görə çox peşmanam.

Ata-anaya məhəbbət özü ayrılıqda bir dindir və bu dində ateist olmur.

O ki qaldı kişinin qadına məhəbbətinə, düşünürəm ki, yaradıcı insan - bəstəkar, şair, rəssam sevməsə, heç nə yarada bilməz.

- İdeal qadın sizin üçün kimdir? İdeal qadın necə bir qadındır?

- İdeal qadın bəlkə də mənim anamdır. O, universitetdə rektor vəzifəsində işləyib, 35 yaşında Həmkarlar İttifaqının sədri olub. Azərbaycanda dördüncü adam olub, Mərkəzi Komitədə çalışıb. Buna baxmayaraq, ərinə də, uşaqlara da baxmağa vaxt tapırdı.

Atam da çox böyük vəzifədə idi. Naxçıvan MR-də prokuror, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifələrində çalışırdı. Mən hesab edirəm ki, kişi kimi ideal mənim atam idi, qadın kimi ideal - anam. Görünür, mənim xanımım anama çox oxşayıb, ona görə onunla evlənmişəm…

- Siz deyirsiz ki, həmişə qadınlar sizə doğru addım atırlar, xanımınızla da belə oldu?

- Yox, biz bir binada, bir blokda yaşayırdıq. Mən onu on yaşından tanıyıram. Onlar yeddinci mərtəbədə olurdu, biz üçüncü mərtəbədə. O, 19 yaşında olanda mən ona evlilik təklif etdim. Artıq 36 ildir ki, bir yerdəyik.

- Sizi yazıçı kimi sevirmi?

- İnsan kimi, həyat yoldaşı kimi sevsə, kifayətdir.

"Kosmonavtlar kosmosa uçmazdan əvvəl azərbaycanlı yazıçının filminə baxır"

- Müqayisə etmək istəmirəm, amma bizi - Oljas Süleymenov, Çingiz Aytmatov, Fazil İskəndərov, Rüstəm və Maqsud İbrahimbəyovlar, İmran Qasımov, Natiq Rəsulzadə, Ramiz Fətəliyev - hər iki tərəfdən həmişə sıxışdırıblar.

Ruslar bizi qəbul etməyib ki, sən rus deyilsən, sən azərbaycanlısan, qazaxsan, qırğızsan. Öz vətənimizdə də bizi qəbul etməyiblər ki, doğma dilində yazmırsan. Sən orda da, burda da sübut etməlisən ki, əsl yazıçısan.

Rusdilli yazıçıların əməyini danmaq olmaz. Bir məqamı qeyd edim ki, kosmonavtlar kosmosa uçmazdan əvvəl azərbaycanlı yazıçının - Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilmiş "Səhranın bəyaz günəşi" filminə baxırlar, bu bir ənənədir. Fəxr eləmək lazımdır ki, Azərbaycanın belə yazıçısı var idi.

- Romanlarınızı rus dilində yazsanız da, bildiyimə görə, ssenarilərinizi Azərbaycan dilində qələmə alırsız.

- Bəli. Səviyyəsiz adamlarsa deyir ki, Çingiz Abdullayev Azərbaycan dilində bir kəlmə də bilmir. Bəs mən 35 il AYB-də necə işləmişəm? Opera Studiyasında neçə dəfə görüş keçirmişəm. Giriş pulludur. 600 adam izləyir. Amma bütün pulları şəhid ailələrinin hesabına köçürürəm. Pulları özüm üçün almıram.

Mən orda 4-5 saat Azərbaycan dilində danışmışam. Əcnəbi dillərdə suallar veriləndə o dildə danışıram, amma əsasən Azərbaycan dilində danışıram. Çünki Azərbaycan yazıçısıyam, bu belə də olmalıdır.

- Azərbaycan dili ilə bağlı xeyli problemlər varkən, sizi hədəf almaları adamda bir az təəccüb doğurur. Bunun səbəbini nədə görürsüz?

- Kulis.az-ın rəhbəri mənim haqqımda danışarkən dəqiq səbəbini söyləyib. Hərçənd bir məsələni doğru deməyib: guya mən demişəm ki, ayda 50 min qazanıram. Halbuki mən ümumiyyətlə pul barədə danışmıram.

Amma bunu dəqiq deyib: "Mən bilirəm onu nəyə görə sevmirlər. Axı onun bütün dünyada kitabları çıxır". Təbii ki, qısqanırlar. Absurd fikirlər söyləyirlər. "Çingiz özü yazmır". Bəs kim yazır? "Çingiz səviyyəsiz kitab yazır". "Çingizin kitablarını səviyyəsiz adamlar oxuyur".

Əgər siz AYB-nin katibi, 46 yaşında xalq yazıçısı olmuş bir adam haqqında bunları yazırsızsa, düşmənlərimizin əlinə bizi rüsvay etmək üçün saxta səbəb vermiş olursunuz.

- Sizcə, Azərbaycan yazıçıları niyə xaricə çıxa bilmir?

- Çıxırlar, amma tək-tək kitabları çap olunur. Çətindir axı. O vaxtlar hər hansı kitabın nəşri Azərbaycanda böyük hadisəyə çevrilirdi. İndi isə vəziyyət başqadır, indi internet var. Bizdə ən böyük kitab mərkəzində 40-50 min kitab satılır. Sən elə kitab yazmalısan ki, Nizamini, Füzulini, Tolstoyu, Rableni, Danteni yox, sənin kitabını alsınlar.

Türkiyənin 80 milyon əhalisi var, cəmi iki-üç yazıçısı xaricdə tanınır. 145 milyonluq Rusiyanın cəmi 7-8 yazıçısını dünyada tanıyırlar. Məni sevməmələrinin bir səbəbi də bu ola bilər: axı hər yerdə yazırlar ki, bizi blokadaya alıblar, qəbul eləmirlər, sevmirlər, tərcümə etmirlər. Bəs Çingiz Abdullayevi niyə sayırlar, çap edirlər?

Xaricə çıxmaqda iddialı bir çox yazıçılar var ki, heç Azərbaycanda kitabları nəşr edilmir, satılmır. Mən Qurana əl basıb and içərəm ki, indiyədək nəinki kitabımı, bir cümləmi, bir sözümü də çap etdirməmişəm. Nəşriyyatların özü mənə qonorar verməklə kitablarımı çap edir.

- Forumdakı çıxışınız da səs-küyə səbəb oldu, sizi Azərbaycan dilində fikrinizi ifadə edə bilməməkdə guünahlandırdılar...

- Mənim yanımda Nizami Cəfərov əyləşmişdi, nitqimi çox bəyəndi. Ləhcəylə danışmaq qüsur sayılırsa, onda bir çox yazıçıların nitqini qüsurlu saymaq olar.

- Ümumilikdə Forumda təşkilatçılıq işindən razı qaldınızmı?

- Çox razı qaldım. Əgər ədəbiyyat forumudursa, orda ilk növbədə Yazıçılar Birliyinin sədri çıxış etməlidir. Anar müəllim özünü bir az nasaz hiss edirdi. Təbii ki, tədbirə o özü gedə bilmirdisə, birinci katib onu əvəz etməli idi.

Şərif Ağayar yazıb ki, Anar qəsdən Çingiz Abdullayevi foruma göndərib ki, o, biabır olsun. Belə cəfəngiyyat yazmaq necə ağıllarına gəlir? Biz Anar müəllimlə 35 ildir bir yerdə işləyirik. Birlikdə çox çətinliklərin öhdəsindən gəlmişik, Qarabağ probleminin həlli üçün ədəbiyyat sahəsində işlər gormüşük.

Bəzi insanların mənə qarşı münasibətini anlamıram. Bir şair yazmışdı ki, o, ziyalı deyil, ziyanlıdır. Sonra gəlib mənimlə şəkil çəkdirdi. Dedi ki, sizə böyük hörmətim var.

Başqa biri də yazmışdı ki, biz 20 Yanvarda qanın içində olanda siz gizlənmişdiniz. Halbuki mən "Черны йянварь" ("Qara yanvar") kitabını yazmışdım. Həm də sovet dövründə! Məni həbs edə bilərdilər!

Ya da növbəti cəfəngiyyat: guya mən demişəm ki, Birinci Qarabağ müharibəsi olmayıb. Əslində isə mən demişəm ki, otuz illik müharibə olub, ikinci mərhələdə biz qalib gəlmişik. Mənim xalam oğlu Şuşada həlak olub, mən bunu necə dana bilərəm? Bunu heç vaxt mən dilə gətirməmişəm, Anar müəllim yazıb: mən o vaxt öz puluma qumbara, silah alib Ağdama aparır, Allahverdi Bağırova təhvil verirdim.

- Bəzi qələm sahiblərinin sizə qarşı belə mövqedə olması sizi ruhdan salırmı?

-Yox, əksinə, mən daha çox işləyirəm. Başa düşürəm ki, işləməliyəm. Minlərlə oxucum var. Mənə yazırlar ki, sizi sevirik, oxuyuruq. Axı mən insanlar üçün kitab yazıram, düşüncəsiz adamlar üçün yox...

"Mən futbol üzrə çempionam"

- Çingiz müəllim, sizin haqqınızda çox maraqlı bilgilər var. Məsələn, bu yaxında öyrəndim ki, siz atıcılıq üzrə idman ustası olmusuz.

- Hətta futbol sahəsində də fəaliyyət göstərmişəm. Gəlin, təzədən özümü təqdim edim (gülür)... "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının üzvü olmuşam. Mən kluba gələndə komanda sonuncu yerdə gedirdi. Biz komandanı ayağa qaldırdıq, "Neftçi" çempion oldu. Mən avtobioqrafiyama yaza bilərəm ki, futbol üzrə çempionam...

- Amma deyim ki, bu məqam da sizin haqqınızda təzadlı fikirlərin sırasında yer alır. Deyirlər, yazıçı hara, futbol komandası hara?

- Bilirsiz, mənimlə bərabər klubun üzvü kim idi? Fərhad Bədəlbəyli. SSRİ xalq artisti və tanınmış musiqiçi. Biz axı futbol oynamırdıq, biz müşahidə şurasıydıq, kömək edirdik. Hər yerdə belə bir fəaliyyət sahəsi var; tanınmış adamlar doğma kluba kömək edir. Mən klubun, komanda üzvlərinin çox problemlərini həll edirdim.

- Bu yaxınlarda bir neçə ədəbiyyat adamı sizinlə bağli fikirlərini bölüşürdü. Bir dünyagörmüş yazıçı dedi ki, bilirsiz, Çingiz Abdullayevi Azərbaycan dilini bilməməkdə niyə qınayırlar, tənqid edirlər? Çünki o, nitqinin əsas hissəsini Azərbaycan dili üzərində qurur. Məsələn, Natiq Rəsulzadə ancaq rus dilində danışır.

- Mən xalq yazıçısıyam, Azərbaycan dilində danışmalıyam. Mən görüşlər keçirirəm, necə rus dilində danışa bilərəm, axı xalq yazıçısıyam? Mən neçə dil bilirəm, amma birinci növbədə Azərbaycan dilində danışmalıyam. Hamı ləhcəylə danışır, hərə bir rayonun ləhcəsində. Mənim atam qarabağlıdır, anam bakılı, özüm Bakıda böyümüşəm, Bakı ləhcəsində danışıram, bu, qüsur hesab edilməməlidir.

Müharibə vaxtı səkkiz dəfə Rusiya televiziyasının verilişlərində çıxış etdim. İki dəfə Vladimir Solovyovun verilişinə çıxdım. Dörd dəfə ABŞ-da oldum, çıxış etdim. Danışanda deyirdim ki, biz mütləq Qarabağa qayıtmalıyıq. Axı mənim babamın qəbri ordadır. Mən uşaqlarımı, nəvələrimi babamın qəbri üstünə aparmaq istəyirəm.

Bakıya gəldikdən iki gün sonra Solovyovun köməkçisi zəng vurdu. Dedi ki, bizdə də naxələf jurnalistlər var, amma sizinkilər də geri qalmaz. Bizə Azərbaycandan zəng edib dedilər ki, Abdullayev yalan danışır, Qarabağda onun babasının qəbri-zadı yoxdur. Onun babasının qəbri Bakıdadır...

- Telefon zənginin Azərbaycandan edildiyi dəqiq idi?..

- Hə, hansı saytdan zəng edildiyini də bilirəm. Dedim düzdür, bir babamın qəbri Bakıdadır, o biri isə Qarabağda. Gorünür, həmin yanlış xəbəri verən şəxs bilmir ki, insanın iki babası olur...

Müəllif: Günel Natiq

Foto: Elnur Muxtar


Müəllif:

Oxşar xəbərlər