28 Noyabr 2022 12:32
8 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair-qəzəlxan Yasin Xəlilin “Şahin Fazil: Azərbaycan qəzəlinin saflığı uğrunda çox illik mübarizə” adlı aktual bir mövzuya həsr olunmuş məqaləsini (2-ci yazı - ardı) təqdim edir.

(Əvvəli: Təmiz türk dilinin qəzəli: Onu ərəb-fars "dairə"sindən necə çıxarmalı?)

Şahin Fazil “Təzkireyi-Şahin” kitabında Azərbaycan qəzəl dilinin saflaşdırılmasının zəruriliyi ilə bağlı yazırdı: “Zənnimcə, Füzulidən əvvəl və sonra, lap elə XX əsrədək asan söz və ifadələrlə qəzəl yazmayan şairləri başa düşmək mümkündür. Ümumiyyətlə, qəzəl sadədən mürəkkəbə və mürəkkəbdən sadəyə doğru uzun bir yol keçmişdir. Məsələn, XIII-XV yüzilliklərin şairləri Nasir Bakuyinin, İzzəddin Həsənoğlunun, Qazi Bürhanəddinin, Ənbəroğlunun, Cahanşah Həqiqinin, İmadəddin Nəsiminin, Kişvərinin, Hidayətullahın şerləri XVI əsrin qəzəl ustadı Füzulinin şerinə nisbətən sadə olmuş, Ş.İ.Xətai, İbrahim Gülşəni, Rəhməti, Zayei-Bağdadi, Süruri, Həqiri, Qövsi Təbrizi, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif , Heyran xanım kimi sonrakı əsrlər şairlərinin şeir dilləri isə böyük qəzəlxan S.Ə.Şirvaninin dili kimi qəliz olmamışdır”.

Əlbəttə, bu tendensiyanın-növbələşmənin müasir dövrümüzdə də davam etdiyini təəssüflə qeyd etməkdə fayda var. Belə ki, S. Ə. Şirvanidən sonra Vahid, Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Ənvər Nəzərli, Şahin Fazil, İlqar Fəhmi kimi şairlərin qəzəl dilinin ədəbi ana dilimizin tələblərinə tam cavab verməsinə baxmayaraq, onun yenidən qəlizləşdirilməsi cəhdləri bəzi müasir qəzəl şairlərinin də əsərlərində özünü qabarıq şəkildə büruzə verir.

Bəzi şairlər hətta qəzəllərinin altında müasir oxucuya izahat vermək üçün ərəb-fars sözlərinin tərcüməsini təqdim etmək məcburiyyətində qalırlar ki, bu da ən azı müasir oxucuya və ədəbi ana dilimizə sayğısızlıq kimi dəyərləndirilə bilər.

Bir neçə nümunə ilə fikrimizi əsaslandırmağa çalışaq:

Şanəni şövq ilə çək zülfünə, ey gül, qorxma, bəs

Müğri-ruhim incədir, min yol darağından keçib.

(İlqar Bizəban)

Yaxıbdır könlümün mülkün mənim, yəğma ilən, bir türk,
Qalıbdır odlu müjganı, salıbdır canə şəst, atəş.

Mücahid düşmüş İbrahim misalı, narına nurun,

Bir ər göstər, onunçün olmamış, cami-ələst, atəş.

(Nizami Mücahid)

Ey olan Rəfrəfsəvar, ey seyri-əflak eyləyən,

Ey şəbi-əflakı mehri-arizi çak eyləyən.

Vaqifi-əsrar olan sənsən, çün elmin şəhrisən

Həmçinin sənsən bəyani-"maərəfnak" eyləyən.

Zülməti-eşq içrə çox üşşaqə ahımdır çıraq,

Çünki yandırmaq savabdır, bikəsü-biyarə şəm.

Ya Əli, ey cümlə xaqanlar, sənə kəmtər qulamu,

Rahi-eşqində xoça ol aşiqə tutmuş məqam,

Mahirəm xaki-dərində bir gəda tək sübhü şam,

Tutiyi-dil dəmbədəm təkrar edər biixtiyar.

( Ə.Mahir)

Göründüyü kimi bu günün bəzi əruz şairləri hələ də müasir qəzəlimizdə təqlidçilik və əcnəbi qəliz ifadələri işlətməkdən əl çəkə bilmirlər.

Ş.Fazil öz “Təzkireyi-Şahin”ində bu problemin səbəblərini araşdıraraq yazır: “...şairin qəzəl dilinin mürəkkəb və ya sadə olması dövrlərin ədəbi dilindən sıx asılı deyildir və bu, hər şairin spesifik şeir dili ilə əlaqədar bir məsələdir”. O, davam edərək bildirir ki, “biz bu qeydlərimizlə heç də əsərlərini qəliz Azərbaycan dilində yazmış orta əsrlər dövrü şairlərini təqsirləndirmirik. Doğurdan da həmin dövrün ədəbi dili olduqca çətindir və o çətinliyi asanlaşdırmaq şairin səyindən və bacarığından asılı olmuşdur. Amma bu da danılmazdır ki, asan dilli qəzəl yazmaq, əruz vəzninli şerlərdə izafət tərkiblərinin işlənilməsindən qaçmaq olduqca çətindir, çünki yalnız türk sözlərinin, habelə dilimizdə vətəndaşlıq hüququ qazanmış kəlmə və ifadələrdən istifadə etməklə əruz vəzni şeri yaratmaq heç də asan və hamıya müyəssər olan məsələ deyildir. Füzuli demişkən “düşvar”dır (biri var 3 dilin qafiyəsindən bəhrələnəsən, biri də var bir dilin)”.

Müasirlərinin bir çoxundan fərqli olaraq Şahin Fazilin fikrincə, qəzəli nəinki savadlı adamlar, həmçinin sadə mütaliəni sevən istənilən oxucu başa düşməlidir. O deyir ki, gəlin görək bu günün savadlı adamlarının böyük əksəriyyəti M.Füzulinin və ya S.Ə.Şirvaninin şeir və nəsr dilini başa düşürmü?

Bu ritorik suala özü də cavab verərək bildirir: “Yəqin ki, yox! O böyük alimlərin və qüdrətli söz sahiblərinin şeirlərini başa düşməkdən ötrü ərəb, fars və türk dillərini əməlli-başlı bilmək, başqa sözlə desək, savadlı şərqşünas olmaq lazımdır”.

Şahin müəllim demək olar ki, “Məcməi-şüəranın” bütün tədbir və görüşlərində inadla və təsirli arqumentləri ilə qəzəl şairlərinə maksimum anlaşıqlı yazmağı tövsiyyə edir.

“Bu günkü qəzəlxanların əksəriyyəti elə qəliz yazırlar ki, soruşurkən yazdıqlarının mənasını heç özləri də əməlli başlı izah edə bilmirlər. Ərəb-fars lüğətlərinin köməyi ilə şeir yazmaq kimə və nəyə lazımdır? Zənnimcə, müasir ədəbi dilimizə xor baxan, qəzəllərini qəliz söz, ifadə, ibarə və çoxmərtəbəli izafət tərkibləri ilə anlaşılmaz hala salan hər qəzəlxan yaxşı vətəndaş deyil və Azərbaycan ədəbiyyatına xidmət etmir. Bu baxımdan, hətta fars dilinin hakim olduğu bir məkanda yaşayan müasir Cənubi Azərbaycan qəzəlxanları bizim müasir qəzəlxanlarımızdan daha asan və anlaşıqlı dildə yazırlar”, - deyə professor təəssüf hissi ilə qəzəlxanlarımızı öz ana dilimizi qorumağa, zənginləşdirməyə çağırır.

Şahin Fazil Azərbaycan qəzəlinin saflığı uğrunda mübarizəsini praktiki olaraq, öz şəxsi nümunələrini - əsərlərini yaratmaqla da uğurla davam etdirir. Birinci divanına dibaçəsində qeyd etdiyi kimi, “qəlbi dağlayan budur ki, Füzuli köksündə çağlayan və lap elə bu günün özündə də şerimizdə hönkürtü ilə ağlayan biçarə Şahin Fazil o dahi şairdən beş yüz il sonra bu yolda öz mühafizəkar qələmdaşları tərəfindən maneə ilə qarşılaşır və təəssüf hiisi ilə coşub daşır.

Qəzəlimdən neçə gövhərşünasın yox xəbəri,

Hələ gizlində qalan gövhərə bənzər qəzəlim.

Yazıram inci kimi saf qəzəllər, amma

Afərinlər yerinə görmədə xəncər qəzəlim.

Korlamaz ətrini misramın izafət qoxusu,

Təzə nərgiz sayağı rayihəli tər qəzəlim.

Bilməyir qədrimi “Məcməş-şüəra” həm hələlik,

Eybi yox zərgəri heyran edəcək zər qəzəlim.

Ağqoyunlu Həsənin dövrü əgər olsaydı,

Neçə ehsan qazanar idi mənim hər qəzəlim.

deyir.

O başqa bir qəzəlində deyir ki:

Bağbanəm o alaq sözlərə ziddəm, Şahin,

Şer bağımda mənim varsa alaq, yanmalıdır.

Və ya:

Bilirəm qiymətini xəlqi sözün, sərrafəm,

Xəlqi sözlərlə yazan şe’rini bədnam olmaz.

Şahin Fazil qəliz qəzəllərin xanəndələrin dilində də müəyyən xəta və təhriflərinə yol açdığını təəsüflə qeyd edir və:

Sözü düzgün oxumur gör nə qədər xanəndə,

Buna, əlbəttə, səbəbkar – qəzəlxanlarımız.

- deyə ağrı ilə, ərkyana müasirlərini məzəmmət edir.

Bəsdi yazdıq gah ərəbdən, gah farsdan söz yığıb,

Gərçi şəkkərdir dilim, mən şəkəristan eylərəm.

- deyən şair ana dilli əruz şeirimizin inkişaf etdirilməsinin vacibliyini bildirir. Şahin Fazil bəzi müasir qəliz dilli qəzəlxanlara daim ağsaqqal nəsihəti verməyi sanki özünə borc bilir, inadkarları ciddi surətdə tənqid edir:

Xor baxmağı var milli dilə bir neçə şəxsin,

Mənən elə şair öləcəkdir gələcəkdə.

Amma qəzəli xəlqi yazanlar yenə vardır,

Söz bayrağımız yüksələcəkdir gələcəkdə.

Bir qəmim var – o da dil saflığıdır şer içrə

Ola bilmir qəmə qəmxar qəzəlxanlarımız.

Dilimin xeyli genişdir, inanın, imkanı,

İmkanı eyləməsin dar qəzəlxanlarımız

- deyən Şahin Fazil elə bu qəzəllə də Azərbaycan dilinin əruza necə rahat yatdığını bir daha aydın şəkildə göstərir və eyni zamanda müasirlərinə dilə hörmətlə yanaşmalı olduqlarını tövsiyə edir. Bir qəzəlində şair həmkarlarının birinin qəliz dilli qəzəlinə işarə edərək yazır:

Bir şerə gözüm dəydi, biganə deyimlər çox,

Mən həm bu təhər yazsam, lənət qələmə, lənət.

“Tiri müjəsi etmiş mürgi-dilimi məcruh”,

Bir şey başa düşdümsə, Şahin dədəmə lənət.

- deyərək həm yumor, həm də ironiya ilə həmkarını öz ana dilinə, dövlət dilimizə hörmətlə yanaşmağa çağırır.

Təbii ki, əsərlərini təmiz, şirin ana dilimizdə yazan bir sıra müasir əruz şairlərinin yaradıcılığında birbaşa və ya dolayısı ilə Ş. Fazilin Azərbaycan qəzəlinin dilinin saflaşdırılması uğrunda apardığı mübarizənin təsirini istina etmək olmaz.

Umidləri oyat mənim gözümdə,
Məhəbbəti yaşat mənim gözümdə.

Itirmişəm zamanı sən gedəndən,
Düz işləmir saat mənim gözümdə.

Gülüm, gözümdə parlayan Günəşsən,
Cıx, həm də sonra bat mənim gözümdə.

Gözüm sənə məkandı get dolan, gəz,
Yuxun gələndə yat mənim gözümdə.

Eşitmişəm rahatlıq axtarırsan,
Gəl olginən rahat mənim gözümdə.

Həyat mənim gözümdə bir xəyaldı,
Xəyal da bir həyat, mənim gözümdə.

Əvəz gözündən özgə göz yalandı,
Nə arzun olsa, çat mənim gözümdə!

( Ə.Qurbanlı)

Sevgilim, hər gəlişin qəlbə diləklər gətirər,
Dilinə eşqimizi odlu ürəklər gətirər.

Bir gözəlsən ki, mələklər də çəkir həsrətivi ,
Nə verər mislivi dünya, nə fələklər gətirər.

Aşiqin dönsə də torpaqlara, səndən dönməz,
Onu hər gün qapiva gizli küləklər gətirər.

Bil ki, dünyadə qəmindən yixilan aşiqivi,
Qaldirib məhşərə çiynində mələklər gətirər .

Qəbrimin torpagi, Xaqani, dönər gülzarə ,
Gündə cənnətdən enib huri, çiçəklər gətirər.

(X.Əmini)

O dərd qalmadı tuş etməyə zəmanə məni,

Tükəndi səbrü qərarım, gətirdi canə məni.

Kimi ki, dost sanıb yandım, ey könül, oduna,

Qoşuldu düşmənimə, qoydu yanə-yanə məni.

Gəl, ey mələk, səni gözlər gözüm, hərayimə yet,

Yerim ki yox yer üzündə, çək asimanə məni.

Bir e'tibarı olan kimsə görmədim, bu fələk,

Xəyanət əhli ilə çəkdi imtəhanə məni.

Bəla bəlayə calanmış, nə çarə ki gətirən

Gətirdi çəkmək üçün dərdü qəm cahanə məni.

Ey Əmri, kimlərə etdim ox atmağı tə'lim,

Düşəndə fürsət ələ, aldılar nişanə məni.

(A. Əmri)

Gedirəm, gözlərimi bağla mənimçün bu gecə,

Yoxdu bir ağlayanım, ağla mənimçün bu gecə.

Soyuğam, öpmə üzümdən dodağın xəstələnər,

Gəl dəyiş yorğanı torpaqla mənimçün bu gecə.

Əcəl almış məni ağuşuna, yox fərqi daha,

Qoca dünyanın oyuncaqla mənimçün bu gecə.

Qəmi təklikdə yedin hər gecə məndən gizlin,

Doymusansa, azacıq saxla mənimçün bu gecə.

Ağlayıb yolma saçın, yox, eləcə yas saxla

Səs-səmirsiz dəli olmaqla mənimçün bu gecə.

Fəhminin ömrü bitir, bir də uzat əllərini

Son dəfə gözlərimi bağla mənimçün bu gecə.

(İ.Fəhmi)

Məni çək zirvələrə hər gün, əlimdən yapışıb,
De ki, gəl, quc məni sevgiylə, belimdən yapışıb!

Arabir qeyb olarıq zirvələrin fövqündə,
Çox qınaq eyləmə ha, hər əməlimdən yapışıb!

Ölərəm, çox demişəm, mən sənin üçün, ey yar,
Sənə qurban, hələ öldürmə dilimdən yapışıb!

Ay nədir, gün nə, bir anlıq məni tənha qoyma,
Ömr edək, nolar, həyatım, yüz ilimdən yapışıb.

Məni eşqiylə yaratmış bilirəm ki, yaradan,
Ucadan da uca ollam, təməlimdən yapışıb.

Doymuram ki, gecələr sənlə olan söhbətdən,
Gəl, bəhanə eləyək, bir qəzəlimdən yapışıb!

Ələmi, cəzb eləyir, gör nə gözəldir, dünya!
Çəkdim əl ondan özüm, öz gözəlimdən yapışıb!

(Ə.Ələmi)

Bu nümunələr və digər adı çəkmədiyimiz şairlərimizin qəzəlləri doğurdan da ana dilimizin zənginliyindən və geniş imkanlarından xəbər verməkdədir.

Şahin Fazil öz qəzəllərini demək olar ki, əruz vəzninin Azərbaycan dilində işlənmiş bütün bəhrlərində yazaraq sübut etmişdir ki, əruz sadəcə bir formadır. Azərbaycan dili öz geniş poetik inkanları ilə bu formada Şahin Fazil ustalığı ilə özünü kifayət qədər rahat hiss edir.

İstər həzəcdə:

Fikrim ola bilməz yenə inkar yanında,

Olmuş yenə əvvəlki təki, yar yanında.

Birləşməliyiksə səbəbi Tanrıya məxsus

Bizlər nəçiyik öylə səbəkar yanında.

İstər rəməldə:

Bağiban, hər alağı rədd eləyirsən, əhsən,
Əcnəbi hər sözə qarşı çəpərim var mənim.

Boş xurafatla məni qorxuda bilməz zahid,
Aləmin çox xəbərindən xəbərim var mənim.

Fras-ərəb mə’xəzinin bir çoxu mə’lumdu mənə,
Nəzəri çox deyimə öz nəzərim var mənim.

Var adam millətinə bircə bəhər bəxş etməz,
On kitabım var isə on bəhərim var mənim.

Qubamın tarixini vəcd ilə aldım qələmə,
Hələ elm aləminə çox səfərim var mənim.

Yazıram tarixini xalqımızın şövq ilə,
Bu vətən mülkünə, Şahin, səmərim var mənim.

İstər münsərihdə

Versən əgər çiynini sən bu dağın altına

Parçalanıb düşməli dağ ayağın altına.

Bəsdi daha sevgilim, yazma şeir sevgidən

Sən qələmi sındırıb qoy varağın altına.

İstər səridə:

Bir çalağan tək, qoca qartal kimi

Sözlə könüllər çalacaqdır yenə.

Şeri qəliz dillə yazan şairə

Göstərəcək yol ki, çıraqdır yenə.

İstər xəfifdə:

Bəllisə gər cəzası əğyarın

Əhli-Həqqe cəza deyil arzum.

İddiam şeri yaxşı yazmaqdır,

Başqa bir iddia deyil arzum.

Başqa bəhr və təfilələrdə Şahin müəllim sadə oxucunun asanlıqla dərk edə biləcəyi tərzdə öz fikirlərini asanlıqla qəzəl diliylə, klassik şeirimizin ənənələrinə sadiq qalmaqla çatdıra bilir.

Azərbaycan qəzəlinin saflığı uğrunda mübarizəsini praktiki müstəvidə inadkarlıq və kifayət qədər yüksək professionallıqla aparan şair eyni zamanda qəzəllərində klassik Azərbaycan şerinin poetikasının əksər komponentlərindən (təşbeh, istiarə, məcas, kinayə, səc, təkrir, cinas, söz sırası, sual-cavab, xitab, mübaliğə, müəmma, təzad, əks, təbdil, qəlb, iştiqaq, inat, məzdus (iczdivac), muvəşşəh (touşih), müdəvvər, müləmmə, tərsi, touzi, həzf, riqta, xeyfa, irsəlül-məsəl, istirdad, iltifat, istihfəm, iham (touriyyə və s.) məharətlə istifadə edərək əvəzsiz, bənzərsiz qəzəl nümunələri yaradır.

Şahinəm, vaxtımı mən boş yerə öldürməmişəm,

Vaxtı öldürməyə bir zərrə də vaxtım yoxdur.

Və ya:

Sözünə sünbülü reyhan heyran,

Üzünə cümlə gülüstan heyran.

Nanənin ətrimi var zülfündə,

Ətrinə gör neçə bağban heyran.

Səltənətdə belə canan yoxdur,

Bəndənin hökmünə sultan heyran.

Bir qəzəlində qara gününü qır sözünə təşbeh edir:

Bel bükülüb, baş ağarıb ömrümün

Bəlkə də qırdan da qara vaxtıdır.

Və ya:

Mənə Adəm kimi insan dedilər, Həvva tək

Gəlmisən sanki bu dövranıma göyçək-göyçək.

Şahin Fazil həm elmi-publisistik məqalələrində, tənqidi yazılarında, təzkirəsində, eləcə də sayı artıq 6-ya çatmış divanlarında, əruz şerlərində dilimizin saflığının qorunması uğrunda illərdi ki, fədakarlıqla mübarizə aparır.

Təbii ki, bu mübarizə nəticəsiz deyil. Bu günün əruz ədəbiyyatı artıq ölkəmizdə azərbaycanca daha çox danışır, daha dərin nəfəs alır, azad, sərbəst yaşayır və inkişaf edir. Bu uğurda əməyiniz danılmazdır, hörmətli şairimiz, əruzun şahini - Şahin Fazil! Bir Vətəndaş, bir şair və bir ziyalı-alim öz ana dilinin zənginləşməsi və inkişafı üçün maksimum nə etməli idisə Siz onu etdiniz və etməkdəsiniz.

Çox yaşayın!

Yasin Xəlil


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər