21 Sentyabr 2023 10:07
6 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqının mənəvi-mədəni cəhətdən oyanmasına can atan Ömər Faiq Nemanzadənin fədakarlıqları “cavabsız” qalmadı - repressiya illərində həbs edilərək güllələndi. Adını anmaq belə yasaq edilən “xalq düşməni” unuduldu, fəaliyyətinin çox hissəsi gün işığına çıxarılmadan zülmətə qərq edildi.

Müstəqillik illərində görkəmli ziyalımızın ictimai-siyasi fəaliyyəti, eləcə də maarifçilik sahəsində xidmətləri müəyyən qədər araşdırıldı.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin dekabr ayında Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illik yubileyi keçirildi.

Ömər Faiq Nemanzadənin qızı Kamilə xanımın İngiltərədə yaşayan nəvəsi Ülviyyə Pepinova ulu babasının irsinin qorunması üçün daha dərin tədqiqata ehtiyac olduğunu söyləyir. Ülviyyə xanımla müsahibəni təqdim edirik.

- Ülviyyə xanım, Ömər Faiq Nemanzadənin maarif və mədəniyyət sahəsində böyük xidmətlərinə baxmayaraq, gənc nəsil onu yetərincə tanımır, siz bunun əsas səbəbini nədə görürsüz?

- Sovet dövründə Ömər Faiqin adı dərsliklərə, tədris metodikasına salınmayıb. Onun fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün məlumat verilməyib. Əslində sual belə qoyulmalıydı ki, Ömər Faiqi bilərəkdən unutduranların və Azərbaycan maarifçilik, mətbuat və ictimai-siyasi sahədə xidmətlərini görməzdən gələnlərin məqsədi nə idi?

- Siz bu məsələ ilə bağlı suallarınıza cavab tapmaq, eləcə də ictimaiyyətin diqqətini Nemanzadə irsinə yönəltmək üçün keçən belə bir çağırış etmişdiniz: "Ömər Faiqi unutmayın, unutdurmayın". Nemanzadənin unudulduğunun nə vaxt fərqinə vardınız?

- Sovet İttifaqı dağılandan sonra Ömər Faiqin “xalq düşməni” damğası “xalq işığı”na dönmüşdü. Biz təbii olaraq sevinirdik ki, nəhayət, ulu babamızın həm adı, həm də irsi bərpa olunacaq. Özüm Azərbaycanda yaşamadığım üçün ictimai və təhsil sektorunda baş verən prosesləri yaxından müşahidə edə bilmədim. Gerçəklik isə tamam başqa idi.

2000-ci illərin ortalarından onlayn media portallar, xüsusilə sosial şəbəkələr həyatımıza daxil olanda Ömər Faiqin unudulduğunu, “Molla Nəsrəddin” jurnalının tarixindən qismən və yaxud tamamilə silindiyini gördük.
Onun unudulduğuna dair faktlar çoxdur və bizi hədsiz məyus edir. Ən son belə pərtedici nümunə ilə Bakıdan İngiltərəyə qayıdanda qarşılaşdım. Hava limanındakı mağazada fərqli dillərə tərcümə edilmiş “Azərbaycan haqqında 100 fakt” kitabı satışa qoyulmuşdu. Kitabla tanış olanda “Molla Nəsrəddin” jurnalına aid hissədə Ömər Faiq Nemanzadənin adının belə anılmadığını gördüm. Ömər Faiq irsinə hələ də ədalətsiz yanaşma var.

- Bəlkə bütün bunlar Nemanzadə irsinin yetərincə araşdırılmadığından irəli gəlir? Səhv etmirəmsə, siz özünüz də bu sarıdan gileyinizi ifadə etmişdiniz.

- Ömər Faiqin maarifçilik sahəsində gördüyü işlər həqiqətən də dərindən araşdırılmayıb. Bu tədqiqatlar həm Azərbaycanda, həm Türkiyədə, həm Gürcüstanda, həm də Rusiyada aparılmalıdır, arxiv materialları incələnməlidir. Ömər Faiqin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti yenidən tədqiq olunmalıdır.

- Ömər Faiq Nemanzadə mətbuat tariximizin öncüllərindən, cəsur, fəal mollanəsrəddinçilərdən idi. Sizin fikrinizcə, Nemanzadənin “Molla Nəsrəddin” jurnalı ilə bağlı fəaliyyətindən danışarkən, hansı yanlışlıqlara yol verilir?

- Ömər Faiq sadəcə bir “Mollanəsərddinçi” deyildi. O “Molla Nəsrəddin” konsepsiyasının banisi idi. Ömər Faiq olmasaydı, “Molla Nəsrəddin” dünyaya gəlməyəcəkdi.

Çar hökuməti Ömər Faiqi jurnalın əsas müəllifi kimi həbs edəndə, Sabir ona qarşı edilən ədalətsizliyi belə nəzmə çəkmişdi:

Soldumu gülzarın, ey Faiq Neman pəsər?
Laləyi-nemanların oldumu xunin cigər?
Sinənə dəsti-qəza çəkdimi sixi-kədər?
Nərkisi-şəhlalərən jaləçəkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Söyləmədimmi sənə rahət otur heyfsən?
Çəkmə bu millət qəmin, çək özünə keyf sən!
Xana deyildir sənin, getməlisən, zeyfsən!
Eyləmədin etina qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Fayidə verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət, guşəyi-zindan sənə,
Guşəyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

- Ömər Faiq Nemanzadə Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası “Ahıska hökuməti-müvəqqətəsi”nə hökumət rəisi seçilmişdi. Bu barədə hansı faktlar var?

- Bu barədə söz düşmüşkən qeyd edim ki, Nemanzadənin ictimai-siyasi fəaliyyəti də tədqiqata cəlb olunmalıdır. Ömər Faiqin “Ahıska hökuməti-müvəqqətəsi”nə hökumət rəisi seçilməsi; sonraki İnqilab Komitəsinə üzv olması və Gürcüstanın müsəlman əhalisini təmsil etməsi; Azərbaycan Cümhuriyyəti Parlamentinin təyinatı ilə ölkənin Polis İdarəsinin başçısı təyin olunması və Cümhuriyyətin işğalına qədər bu vəzifədə müstəqil Azərbaycan dövlətçiliyinə xidmət etməsi kimi mövzular arxiv mənbələrinə əsaslanaraq araşdırılmalıdır.

Əslində işlənməmiş bir mövzunu araşdırmaq elmi baxımdan böyük şansdır, bu tədqiqatlar sayəsində yeni kəşflərə imza atıla bilər ki, bu da beynəlxalq araşdırma standartlarına bizi bir addım da yaxınlaşdırar.

- Ömər Faiq mənşəcə Ahıska türkü idi, amma Azərbaycanda formalaşmışdı. Özünü daha çox hansı mədəniyyətə aid hesab edirdi?

- Ömər Faiq türk dünyasında belə ayrı-seçkiliyə yol verənləri qınayırdı. Onun məqalələrində də bunu duymaq mümkündür. Həm doğma Ahıska, həm Azərbaycan onun üçün türk dünyasının bir parçası idi və böyük məna daşıyırdı.

Əlbəttə, onun vaxtında da belə ayrı-seçkiliklər vardı, indinin özündə isə daha çoxdur. Türk dünyasını bölüb ayıranlar bu ayrı-seçkilikdən öz məqsədləri üçün istifadə edirdilər. Bu suala Ömər Faiqin sözləri ilə cavab vermək istərdim:

"Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxacaq. Əgər oralar əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət və namussuzluqla yad olunmaqdan savayı bütün məmləkətimiz, bütün həyatımız əbədi təhlükələrə düçar olacaqdır”. (Ömər Faiq Nemanzadə. "İrşad" qəzeti. 1906-cı il. 282-ci nömrə)

- Ülviyyə xanım, Ömər Faiqin gələcək nəsillərə ötürməyə can atdığı millət sevgisi ailənizin davamçılarının da qəlbində özünə yer edə bilibmi?

- Ömər Faiqin bütün fəaliyyəti qeydsiz-şərtsiz millət sevgisinə söykənir. O, maarif və təhsil islahatlarını Qərbyönlü sistemə uyğunlaşdırmaqla milləti irəli aparmağa çalışıb. Ailə üzvlərimizin təhsilinə də onun bu yanaşması böyük təsir göstərib.

Ömər Faiqin milliyyətçiliyi bugün dünyada əksəriyyətin başa düşdüyü kimi bir “milliyyətçilik” deyili. Onun üçün millət sevgisi – acınacaqlı halda olan xalqın maariflənməsinə, dirçəlməsinə, müasir dünya ilə ayaqlaşmasına nail olmaq idi, o bunun üçün mübarizə aparırdı.

“Molla Nəsrəddin”dəki felyetonlarda və diğər publisistikasında mollaları nə qədər tənqid etsə də, bolşevik hakimiyyəti qurulanda bir o qədər də onları müdafiə edirdi.

Fikrimcə, ulu babam Ömər Faiqin qeydsiz-şərtsiz millət sevgisi və onun inanılmaz, hətta bəzən anlaşılmaz dərəcədə cəsurluğu və fədakarlığı istisnalı bir hal idi. Ömər Faiqdən sonra ailəmizdə bu dərəcədə fədakarlıq edən olmayıb.

- Nənəniz Kamilə xanım, qardaşı Kamil, bacısı Bəxtli repressiya illərində çətinliklərə, işgəncələrə məruz qalıblar. Nemanzadə irsinin az-çox yaşadılmasında sözsüz ki, onların da əməyi var.

- Ömər Faiqin böyük qızı, nənəm Kamilə Nemanzadə bütün ömrünü atasına olan heyranlıq hissilə yaşayıb. Atasının irsini o, qorxa-qorxa, damla-damla, amma israrla yaşadırdı.

Nənəmin ata sevigisinin nəticəsi idi ki, 1973-ci ildə Azərbaycan Ədəbiyyat İnstitutunda Ömər Faiq Nemanzadənin 100 illik yübileyi keçirildi. Az da olsa, o dövrdə Nemanzadə haqqında ilk bilgilər ictimaiyyətə çatdırıldı. Nənəmin 1992-ci ildə vəfatından sonra bacısı Bəxtli onun mübarizəsini davam etdirməyə çalışıb. Nənəmin qardaşı Kamil - Ömər Faiqin yeganə oğlu, atası güllələndikdən dərhal sonra həbs edilib, gəncliyi işgəncə içində keçib, iyirmi il sürgün həyatı yaşayıb. Nəhayət, Bakıya qayıdıb, Sibirdə ailə qurduğu rus xanımı ilə dinc, sakit ömür sürüb. Hazırda onun nəslinin davamçıları Moskvada yaşayır. Mən də öz növbəmdə ulu babamın xatirəsini həmişə əziz tutur və gərəkli işlər görməyə çalışıram.

Fürsətdən istifadə edərək deyim ki, “Çapar” dərgisinin Ömər Faiqə həsr edilmiş xüsusi buraxılışının təqdimatı bu ilin noyabr ayında Bakıda Xəzər Universitetində keçiriləcək. Oxucular “Çapar” dərgisinin səhifələrində Nemanzadə irsi ilə bağlı maraqlı məlumatlara rast gələcəklər.

Bundan başqa, Ömər Faiqin əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdırmaq və ingilis dilinə tərcümə etmək də planlarımda əsas yer tutur.

- Ömər Faiqin irsi ilə bağlı əməyiniz təqdirəlayiqdir. Ümumilikdə İngiltərədə Azərbaycanla bağlı hansı işlərə imza atırsız?

- Öncə qeyd edim ki, mən İngiltərədə, Gənc Yazıcılar Klubunun qurucusuyum və ingilis yazıçılarıyla bərabər çalışır, yaradıcılıq kursları keçiririk. Bu fəaliyyətim məhz gənclərin maarifləndirilməsi ilə bağlıdır və bu fakt məni çox sevindirir, çünki ulu babamın heç olmasa bir sahədə işini davam etdirirəm, maarifçiliklə məşğulam.
Son dövrlər bu sahədə qazandığım təcrübəni Azərbaycan gəncliyinin xeyrinə yönəltməyə qərar vermişəm. Anons edərək deyim ki, yaratdığımız və işlətdiyimiz kurs proqramlarını həm ingilis, həm də Azərbaycan dilinə tərcümə edərək, ümumi dərslik kitabı nəşr etməyi və Azərbaycan məktəb və universitetlərinə bağışlamağı planlaşdırıram.

Azərbaycan Diaspor Dəstək Fondunun köməyilə hər ay tədbirlər keçirir, milli rəqslərimizi, xüsusən unudulmuş “Yallı”larımızı və diğər mədəni dəyərlərimizi ilə təbliğ edirik.


Müəllif: Günel Natiq

Oxşar xəbərlər