13 Aprel 2023 12:42
6 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin əvvəllərində Türküstan bölgəsində cədidçilik hərəkatının mühüm öndərlərindən biri Hafız Münəvvər Kari olub. O, 1878-ci ildə Daşkəndə doğulub. Atası Əbdürrəşid xan mədrəsədə müdərris olub. Dindar ailədə böyüyən Münəvvər Kari Buxarada dini təhsil alıb, imam kimi çalışıb. Eyni zamanda dövrün yenilikçi aydınlarını təqib edən Kari İsmayıl bəy Qaspıralı, Cəmaləddin Əfqani kimi şəxslərin fəaliyyətini yaxından izləyib. 1900-cü ildə cədidçilik (yenilikçilik) hərəkatına qatılan Kari 1901-ci ildə Daşkənddə ilk yeni tipli məktəbin əsasını qoyub, dərsliklər yazıb. Eyni zamanda toplumu aydınlatmaq istəyən Kari dini və ictimai mövzuları ehtiva edən “Xurşid” və “Tərəqqi” qəzetlərini çıxarıb. Türküstanlı gənclərin Azərbaycanda, İdil-Uralda, Türkiyədə təhsil almaları üçün “Cəmiyyəti-Xeyriyyə” adında təşkilat da quran Kari mətbu fəaliyyətini genişləndirərək 1914-cü ildə “Sədayi-Türküstan”ı, 1917-ci ildə “Nicat” qəzetlərini çıxarıb, eyni zamanda Daşkənddə Əhməd Zəki Vəlidi Toqanın “Kengeş” dərgisinin də redaktoru olub.

1918-ci ildə Münəvvər Kari cədidçi yoldaşları ilə birgə Müsəlman Xalq Darülfünununu təsis edib, özü də rəhbər seçilib. Burada məşhur cədidçi Əbdürrauf Fitrət dil dərsləri deyib. Müəssisənin “Xalq Darülfünunu” adlı qəzeti də işıq üzü görüb.

İctimai-siyasi fəaliyyəti

1909-cu ildə cədidçi yoldaşları ilə “Kömək” müsəlman xeyriyyə cəmiyyətini, 1913-cü ildə “Turan” cəmiyyətini, daha sonra “Turan” kitabxanası, “Turan” qəzetini təsis edən Kari 1916-cı ildə Türküstanda baş verən üsyanda böyük rol oynayıb. Bu qiyam qanlı şəkildə yatırılsa da, Kari azadlıq mübarizəsini davam etdirib, 1917-ci ildə Türküstan Milli Muxtariyyəti, Alaş Orda Muxtariyyətinin elan edilməsində iştirak edib. Türküstanın Sovetlərin əlinə keçməsindən sonra Daşkənddə milli təhsil müdiri, Türküstan Mərkəzi İcraiyyə Komitəsi üzvü olub, eyni zamanda müəllim və yazar kimi fəaliyyət göstərib. Bolşeviklərlə əməkdaşlıq edən Kari Buxaranın rusların əlinə keçməsindən sonra Türküstan Şəhərləri Mərkəzi İcraiyyə Komitəsi tərəfindən Buxara hökumətinə dəstək üçün göndərilib. O, eyni zamanda Zəki Vəlidinin qurduğu Türküstan Milli Birliyinə dəstək olub. Buna görə də kommunistlər onu geriyə çağırıb və 1921-ci ildə həbs ediblər. Qısa zamanda həbsdən çıxsa da, 1925-ci ildə etibarən onun əleyhinə kampaniyaya start verilib, ittihamlar irəli sürülüb.

Moskvaya gedən Kari oradakı Şərq Xalqları Unversitetində çalışıb, qısa zamanda geri göndərilib. 1928-ci ildə millətçilikdə ittiham olunan Kari müəllimlikdən çıxarılıb, Səmərqənd Şəhər Muzeyində elmi assistent kimi çalışıb. Bir müddət Daşkənddə Qədim Əsərləri Qoruma Komissiyasında işləyən Kari buradan da çıxarılıb. Çətin vəziyyətdə yaşayan Kari bu dövrdə xatirələrini qələmə alıb.

1929-cu ildə Türküstanda cədidçilərə qarşı repressiya başlayıb. Bundan xilas olmayan Kari 1931-ci ildə güllələnib...

Almas İldırım Türküstanda

1930-cu ildə Bakıda gənc şair Almas İldırımın “Dağlar səslənirkən” adlı şeir kitabı çap edilib. Tənqidlərə məruz qalan bu kitab satışdan yığışdırılıb, müəllif isə Aşqabada sürgün edilib. “Əlvida, Bakı” şeirini yazan şair Aşqabadda ikən Türküstandan, Azərbaycandan sürgün edilən ailələrin uşaqlarının təhsil aldığı məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. Burada “Zəhmət” qəzetində də çalışıb. Şamaxıdan sürgün edilən bir ailənin qızı olan Zivər xanımla 1932-ci ildə ailə həyatı qurub. “Zəhmət” qəzetində və Aşqabad radiosunda dərc edilən şeirləri Almas İldırıma böyük nüfuz qazandırıb. Lakin tənqidçilər və bədxahları onu burada da rahat qoymayıblar. Almasın arxasınca Aşqabada qədər gələn Əkbər Ruhi 12 avqust 1932-ci il tarixli “Almas İldırımın yaradıcılığı” adlı məqaləsində açıq şəkildə onu hədəf alıb: “Almas, ... Müsavat Firqəsinin ən irəlidə olan və bizə dəfələrlə Müsavat cəbhəsindən hücuma keçən əks-inqilabçı şairdir. Cavadçı, müsavatçı gənc şair kimi tanınmış və son günlərə qədər də “Gənc işçi” qəzetində söyülməkdədir... Almas Azərbaycanda və Dağıstanda azadlıq və rahatlıq hiss etməmiş, ona bu imkanı verməmişlər. Burada ona azadlıq və rahatlığa geniş meydan verilmiş, o da istədiyini yazmışdır. Ancaq bu düşüncələrlə Almas burada da rahat yaşaya bilməyəcəkdir... Almasın dünyagörüşündə bizə yad fikirlər çoxdur. O istəsə və keçmişindən əl çəkərsə, gələcəkdə bizimlə birlikdə işləyə biləcəkdir. Əks halda zərbələrimizə dözməlidir. Almas son və qəti sözünü mətbuat vasitəsilə bizə deməlidir... Almasın eli haradır? Bu el Müsavatdır. Bu el Kamalçılar Türkiyəsidir. Almasın gözlərini oraya dikməsi bugün deyil, 6-7 il bundan əvvəl orada dərc olunandan bəri bizə məlumdur”.

Tənqidlərdən və təhdidlərdən cana yığılan Almas İldırım “Öz haqqımda” adlı yazısında məcbur olub müsavatçıların əleyhinə fikirlər işlətsə də, bu, onu xilas edə bilməyib. Nəticədə həyatına təhlükə yarandığını görən şair 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirətə gedib.

Ehtimal ki, Almas İldırım Orta Asiyada yaşadığı dövrdə 30 ilə yaxın müddətdə aydınlanma hərəkatında yer alan Münəvvər Karinin həyat və fəaliyyətinə bilib, onun əsərləri, fikirləri ilə tanış olub. Buna görə də Türkiyəyə getdikdən sonra orada yazdığı ilə şeirlərdən biri də məhz Karinin şəhid olmasına ithaf edilib. 1934-cü ildə İstanbulda nəşr edilən “Qurtuluş yollarında” adlı şeir məcmuəsində şairin “Böyük şəhidimizə” adlı şeiri Münəvvər Kariyə həsr olunub. Həmin şeiri təqdim edirik:

Böyük şəhidimizə

Özün bir nur ikən “qanlı yıldız”ın,

Zülmət olduğunu qandın dedilər..

Türk üçün yaranmış bu qoca Şərqdə,

Yeni bir gün doğar sandın dedilər.

Göz dikib qaralan dağlar ardına,

Baxıb qəribsədin doğma yurduna,

Ürəkdən qızaraq “Şimal qurdu”na

Altun orduları andın dedilər.

Vətən bir çıraqdı, sən bir pərvanə

Dolanıb başına qıyardın cana

Bilmədinmi düşər yurd sevən qana?..

Sən də millət üçün yandın dedilər.

Qoyaraq millətin qəlbini dağlı

Düzdülər qurşuna qolları bağlı.

Altay qəhrəmanı, Türküstan oğlu

Dünyaya dəyər bir candın dedilər


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər