“Müharibə dövründə mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının tələblərinə görə, münaqişə tərəfləri hərbi obyektləri mülki şəxslərin sıx yaşadığı ərazilərdə və onların yaxınlığında yerləşdirməkdən çəkinməlidirlər. Konvensiyada bu prinsip münaqişə tərəflərinin qarşısında vəzifə kimi qoyulur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert keçmiş Yuqoslaviya nümunəsini misal göstərib:
“Keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, münaqişə tərəflərinin hərbi obyektləri mülki şəxslərin sıx yaşadığı ərazilərdə və onların yaxınlığında yerləşdirməsi adi hüquq norması kimi qiymətləndirilməlidir. Yəni bu prinsip təkcə müharibə dövründə deyil, bütün dövrlərdə əsas götürülməlidir. Bu isə o deməkdir ki, konvensiyaya qoşulan bütün dövlətlər istər sülh, istərsə də müharibə dövründə hərbi obyektlərin mülki şəxslərin sıx yaşadığı ərazilərdə və onların yaxınlığında yerləşdirilməsinə görə hüquqi məsuliyyət daşıyırlar. Bu normaya əməl etməyən dövlətlər isə konvensiyanın tələblərini və beynəlxalq humanitar hüququn prinsiplərini pozmuş sayılırlar.
Bu baxımdan, Ermənistan hərbi obyektləri, o cümlədən zenit-raket komplekslərini, hava hücumundan müdafiə sistemlərini və s. mülki əhalinin sıx yaşadığı ərazilərdə yerləşdirdiyinə görə məsuliyyət daşıyır və işğalçı ölkəyə qarşı hüquqi prosedurların həyata keçirilməsi prosesində bu məqamın da nəzərə alınacağı qənaətindəyəm”.
Elçin Mirzəbəyli qeyd edib ki, haqqında bəhs olunan normaya əməl edilməsi istər beynəlxalq, istərsə də daxili münaqişələr zamanı vacib hesab olunur:
“Bu səbəbdən də həm işğalçı Ermənistan, həm də Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimin de-fakto vəzifəli şəxsləri müharibə dövründə mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının tələblərini pozduqlarına görə hüquqi məsuliyyət daşıyırlar”.