Ermənistan xarici işlər naziri vəzifəsinə 2020-ci ilin noyabrında - Qarabağdakı ikinci müharibədən sonra təyin olunan Ara Ayvazyan tezliklə postundan gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “168 Jam” qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, Ayvazyanın yerinə müavini Artak Apitonyan təyin olunacaq.
Nəşr bildirib ki, Ara Ayvazyanın hazırkı hakimiyyət orqanları ilə, xüsusən də siyasətçilərlə ciddi fikir ayrılıqları var.
Mənbə Ayvazyanın Baş nazir Nikol Paşinyanın yürütdüyü xarici siyasətə uyğun olmayan davranışlar sərgilədiyini, açıqlamalar verdiyini yazıb:
“Fikir ayrılıqları və ixtilaflar Ayvazyanın nazir kimi fəaliyyətinin əvvəlindən və xüsusən də ötən ilin dekabrında Moskvaya etdiyi səfərdən sonra başlayıb. Nazir Türkiyənin bölgədəki və xüsusən də Qarabağ müharibəsindəki rolu barədə olduqca kəskin danışır. Bu, Nikol Paşinyanın xoşuna gəlməyib. Bu barədə Ayvazyanla onun arasında ciddi söhbət olub.
Təsadüfi deyil ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda Türkiyə ilə münasibətlərdə düzəlişlərin edilməsinin lazım olduğunu bildirib”.