“Ermənistan” seçki blokunun rəhbəri Robert Köçəryan parlament seçkilərinin ikinci turunun keçirilmə ehtimalının az olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o, məsələnin ilk turda həll edilə biləcəyini bildirib.
“Bu gündən etibarən ikinci turun olacağı ehtimalı yoxdur”, - Köçəryan söyləyib.
Eyni zamanda, o, seçkilərdə qalib gələcəyi təqdirdə rəhbərlik etdiyi “Ermənistan” koalisiyasının qurulmasını müzakirə etmədiyini nəzərə çatdırıb. Köçəryan seçkilərdə qalib gələcəyi halda hökuməti təkbaşına qurmağı planlaşdırdığını diqqətə çatdırıb.
Sabiq prezident Serj Sərkisyanın “Mənim şərəfim var” bloku ilə koalisiya ehtimalı barədə soruşulduqda Köçəryan mövcud vəziyyət və anketlərin bir sıra partiyalarda böyük qeyri-müəyyənliyin olduğunu göstərdiyini və parlamentdə hansısa konfiqurasiyanın bəlli olmadığını deyib.
“Ancaq lazım olsa, koalisiya qərarı verməyə hazır olacağıq”, - sabiq prezident bildirib.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın seçkilərdən sonrakı dövrdə baş verə biləcək qarşıdurmalarla bağlı proqnozunu şərh edən Robert Köçəryan bu ssenarini tamamilə inkar etməyib: “Hər şey səsvermənin nəticələrindən və cəmiyyətin onlara inamla yanaşıb-yanaşmayacağından asılı olacaq”.
Qeyd edək ki, Levon Ter-Petrosyan bundan əvvəl Ermənistandakı daxili siyasi vəziyyətin partlayış həddinə çatdığını, gərginliyin demək olar ki, vətəndaş müharibəsinə çevrilmək təhlükəsi qarşısında olduğunu söyləyib.