“Erməni tərəfi iddia edir ki, Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı işlər yekunlaşmaq üzrədir”.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
Jurnalist Naxçıvanın işğal edilmiş Kərki kəndi ətrafındakı son gəlişmələrə diqqət çəkib: “Ermənistan mətbuatında son iki gündə Kərki ilə bağlı yazılar gedir. Hələlik heç bir tərəf bununla bağlı açıqlama verməsə də, Ermənistan radikal müxalif dairələri bununla bağlı “həyəcan təbili” çalır.
Erməni tərəfi yazır ki, Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Məlumata görə, kəndin Azərbaycana təhvil verilməsi ilə bağlı yeganə problem Ermənistanın şimal hissəsini cənubla birləşdirən E117 yoludur.
Rəsmi olmayan mənbə qeyd edir ki, Azərbaycan tərəfi ilə yolun istifadəsi barədə müəyyən məsələlər razılaşdırılır. Rusiya tərəfi isə yola özü nəzarət etməyi təklif edir. Hələlik problem tərəflər arasında müzakirə edilir.
Qeyd edək ki, Ermənistanın şimalını cənuba başlayan magistral və bu magistralın üzərində hakimlik edən 1777.1 m və 1678.7 m nişanlı adsız yüksəkliklər Kərkidən keçir”.