“Rusiyanın Cənubi Qafqazda rolu hələ də vacibdir, bu kontekstdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərini qiymətləndirmək olmaz”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov TASS-a açıqlamasında deyib.
“Mənə elə gəlir ki, hələlik Ermənistanda Rusiyanın mövqeləri üstünlük təşkil edir. Əlbəttə, bu səfər kifayət qədər əlamətdardır, amma eyni zamanda bunu dramatikləşdirməzdim, orada dəhşətli heç nə baş vermədi”, - ekspert bildirib.
Kortunov xatırladıb ki, Ermənistanın hazırkı rəhbərliyi ənənəvi olaraq çoxvektorlu xarici siyasət yürütməyə çalışır:
“Təbii ki, Rusiya əsas tərəfdaş olaraq qalır, Ermənistan həm KTMT, həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Amma digər tərəfdən onun Avropada, xüsusən də Fransada yaxşı əlaqələri var. Hesab edirəm ki, indiki rəhbərlik öz xarici siyasətini şaxələndirməyə çalışır. ABŞ-la da əlaqələrini inkişaf etdirmək istəyir”.
Onun fikrincə, Pelosinin səfəri ABŞ-ın Ermənistan-Azərbaycan məsələsinin həllində Moskvanın rolunu azaltmaq cəhdi kimi qiymətləndirilməməlidir:
“Əgər ABŞ Rusiyanı və ya KTMT-ni əvəzləməyə və öz sülhməramlılarını göndərməyə çalışırsa, bu, ən azı yaxın gələcəkdə mümkün olmayacaq”.