12 Oktyabr 2023 23:15
6 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan gələn il KTMT və Avrasiya İqtisadi Birliyindən çıxa bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Qırğızıstan sammitində iştirakdan imtina edib:

“Paşinyan bunu “işlərinin çoxluğu” ilə əlaqələndirib. Ermənistan MDB xarici işlər nazirlərinin toplantısına da soyuq yanaşdı, sammitə nazir müavini səviyyəsində qatıldı. İrəvan bundan əvvəl KTMT-nin təlimlərindən imtina etmişdi. Beləliklə, Ermənistan KTMT-dən sonra MDB çərçivəsində də əməkdaşlığı heçə endirir. İrəvan aşkar formada Rusiyanın yer aldığı birliklərdən uzaqlaşır. Təkcə Rusiyadan uzaqlaşmır, paralel olaraq, Qərbə yaxınlaşır.

Ermənistan bütün istiqamətlərdə Rusiyaya qarşı demarş həyata keçirir. Nikol Paşinyan hakimiyyətdə qalsa, Ermənistan gələn il KTMT və Avrasiya Birliyindən çıxa bilər. MDB üzvlüyünə xitamın verilməsi də mümkündür.

Ermənistanın Rusiya lideri Putini qəzəbləndirən bir addımı da Roma Statutunu ratfikasiya etməsi oldu. Zənnimcə, Putin onu “hərbi cinayətkar” elan edən Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsinə görə Ermənistanı cəzasız qoymayacaq. Üstəgəl, Rusiyanın əzəli düşməni ABŞ-la birgə təlimlərə və NATO ilə “flört”ə görə... Rusiya xarici işlər naziri Sergey Lavrovun bu kontekstdə Bişkekdə səsləndirdiyi fikir Ermənistana xəbərdarlıq mesajı ola bilər. Lavrov NATO-nun Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olduğunu dedi. Rusiyadan vaxtilə Gürcüstan və Ukraynaya qarşı da belə ittihamlar səsləndirilmişdi. Sonrası məlumdur”.

Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan hər vəchlə Qərbə Rusiyanın orbitindən çıxmaq üçün hərəkətə keçirdiyi mesajını verir:

“Bəs Rusiya hərəkətə keçsə, Qərb Ermənistanı qoruyacaqmı? Gürcüstan və Ukrayna nümunələri göstərir ki, bu dəstək o qədər də effektli deyil. Qərb Rusiyadan uzaqlaşmaq istəyən ölkələr üçün güclü müdafiə qalxanı qura bilmir. Bu gün Gürcüstan heç yadlarına da düşmür. Bəs Ermənistanda necə olacaq? Bunu zaman göstərəcək. Bütün hallarda Qərbin Ermənistan üçün öz qüvvələrini səfərbər edəcəyini düşünmürəm”.

Ekspert hesab edir ki, Rusiya-Ermənistan münasibətlərindəki kəskinləşmə Azərbaycanın maraqlarına uyğundur və rəsmi Bakı bundan yararlanmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər