Mövcud vəziyyət İranı Cənubi Qafqazdakı siyasətini Ermənistanın ziyanına dəyişməyə məcbur edəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.
“Brüsseldə baş verənləri çox az adam anlayacaq. Rəsmi və qərbpərəst təbliğatçılar tərifləyəcək, rus və rusiyapərəst təbliğatçılar pisləyəcək, reallıq isə Brüssel və İrəvanın ofislərində sakitcə dumana çevriləcək. Bütün bunların memarları hər şeyi yaxşı bilirlər”, - ekspert bildirib.
Poqosyanın fikrincə, Brüsseldən sonrakı gəlişmələr Azərbaycanın xeyrinə olacaq. Onun iddiasına görə, bu durumdan çıxış yolu İran və Hindistanla strateji müttəfiqlik müqavilələrinin imzalanmasıdır, amma İrəvan buna getməyəcək.
“Zaman tam əleyhimizə işləyəcək. Avropa xəyalları Ermənistanı hamıdan təcrid olunmuş “regional mutant”a çevirə bilər.
İndi zaman Azərbaycanın xeyrinə işləyəcək. Çünki yaranmış vəziyyət İran və Rusiyanı Cənubi Qafqazda anti-Qərb koalisiyasına cəlb edəcək. Bu durumda Ermənistanın cənubla (İran) əlaqəsi kəsiləcək və mühasirəyə düşəcək. Mövcud vəziyyət İranı Cənubi Qafqazdakı siyasətini Ermənistanın ziyanına dəyişməyə məcbur edəcək”, - politoloq vurğulayıb.