Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı bəyanatı mənasızdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni analitik Sergey Melkonyan deyib.
“Burada heç bir real kontekst yoxdur, çünki Lukaşenkonun bu bəyanatı bir neçə həftə əvvəl verilib. Əgər bu, Ermənistan rəhbərliyi üçün vacib olsaydı, elə həmin və ya ertəsi gün cavab verib hansısa qərar qəbul edərdilər. Əslində, burada bir sıra alt məqsədlər var. Əsas alt məqsəd Qərbə göstərməkdir ki, biz bu gün mövcud olan bütün vasitələrdən istifadə edirik. Artıq İrəvan Qərbə göstərə bilib ki, biz Ermənistan-Rusiya münasibətlərini elə yerə gətirdik ki, Moskva öz səfirini geri çağırdı”, - ekspert bildirib.
Melkonyanın fikrincə, eyni şey indi Belarusla baş verir:
“Rusiya ilə müqayisədə Belarus daha asandır. Çünki Ermənistan Belarusa o qədər də bağlı, ondan asılı deyil, ticarət dövriyyəmiz 100 milyon dollara qədərdir. Rusiya ilə isə 3.7 milyard dollara çatıb ki, bu da müqayisə olunmazdır.
Başqa bir alt məqsəd də var: gündəmi dəyişmək. Bu gün İrəvanın gündəmi əsasən daxili məsələlərlə bağlıdır. Ölkə rəhbərliyi də belə zərərsiz, universal vasitələrdən istifadə edərək, diqqəti populist bəyanatlarla gündəmə aidiyyəti olmayan məsələlərə yönəldir. Ermənistan ətrafında isə gündəm tamam başqadır”.