Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda İrəvan bütün dönüş körpülərini yandırmaq qərarına gəlib. Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bəyanat yayaraq bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlaması nəinki təəssüf doğurur, həm də Moskvanın Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində konstruktiv iştirakını şübhə altına alır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Lavrov İrəvanı kommunikasiyaların (söhbət Zəngəzur dəhlizindən gedir – red.) açılması məsələsində əldə edilmiş razılaşmaları sabotaj etməkdə ittiham edib. O, məsələnin 2020-2022-ci illərdə imzalanmış bəyannamələrin hərf və ruhuna uyğun həll edilməli olduğunu vurğulayıb. Badalyan Lavrova cavabında Rusiyanı bu müddətdə vasitəçilik missiyasını layiqincə yerinə yetirməməkdə günahlandırıb.
“Rusiya xarici işlər naziri yaxşı bilir ki, açıq sənədlərdən başqa Ermənistan heç bir başqa sazişdə yer almır, buna görə də onları sabotaj edə bilməz. Biz Rusiya Xarici İşlər Nazirliyini qərəzli bəyanatlarla Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini sabotaj etməməyə çağırırıq”, - erməni diplomat vurğulayıb.
“Past” qeyd edir ki, Rusiyaya belə sərt cavab verən Ermənistan XİN digər KTMT müttəfiqi Belarusun Prezidenti Aleksandr Lukaşenkonun açıqlamasına cavab verməyi unudub:
“Lukaşenko söyləyib ki, postsovet regionunun bəzi ölkələri həmişə Rusiyadan nəsə almaq istəyir, amma əvəzində heç nə vermir. Lukaşenko Ermənistan rəhbərliyinin siyasətinə də toxunub: “Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə lazım deyillər”.
Minskə etiraz notası verilməsi və səfirin geri çağırılması məntiqli olardı. Amma problem heç də Belarusda deyil, problem ondadır ki, Ermənistan hakimiyyətinə Rusiya ilə münasibətləri korlamaq tapşırılıb və Belarus qərbli havadarların gözündə ciddi qəbul edilmir. Ermənistan rəsmiləri də təlimatları hərfi mənada yerinə yetirirlər”.