"Ramazan bayramı günlərində satışa çıxarılan məhsulların həm keyfiyyətinə və qiymətlərinə ciddi riayət edilməlidir"
Bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkərkən bildirib.
O, yarmarkada satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub.
Sumqayıtın İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birgə yarmarka ilə tanış olan Baş nazirin müavini əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi məqsədilə yarmarkada məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, gigiyenik qaydalara ciddi riayət olunması, qiymətlərin ənənəvi bazar və marketlərdən aşağı səviyyədə saxlanması ilə bağlı yarmarkanın təşkilatçılarına tövsiyələrini bildirib.
Əhali ilə söhbət edən Baş nazirin müavini Əli Əhmədov satışa çıxarılan kənd təsərrüfatı məhsullarının qiymətlərinin qaneediciliyi ilə maraqlanıb. Yaradılan şəraitdən razılıqlarını bildirən Sumqayıt sakinləri dövlətimizin ərzaq təhlükəsizliyinin təminatı istiqamətində apardığı siyasəti dəstəklədiyini bilidiriblər.
Baş nazirin müavini həm qarşıdan gələn Ramazan bayramı günlərində, həm də digər yarmarka günlərində satışa çıxarılan məhsulların həm keyfiyyətinə, həm qoyulan qiymətlərə ciddi riayət edilməsi, süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyələrini bildirib. ("Trend")