3 Avqust 2016 14:47
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib.

Teleqraf.com SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR rəhbərini qəbul edib.

Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Türkiyə Prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə Prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirmiş, yatırımlarının əhəmiyyətini qeyd etmiş və fəaliiyətlərin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirmiş, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləmiş, Türkiyə Prezidentini əmin edib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaqdır.

Rövnəq Abdullayev həmçinin Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.

Görüşdə nazir SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrin gedişi və Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə maraqlanıb. Görüşdə SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.

SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə də TANAP və “Star” layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən B.Albayrak bu layihələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Görüşdə 15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən, “Petkim”də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini bir daha nəzərə çatdırıb.

Görüşdə Türkiyədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin bir sıra aspektləri də müzakirə olunub.


Müəllif:

Oxşar xəbərlər