3 Sentyabr 22:25
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, "20 Yanvar" metrostansiyasının ətrafında Bakı-Sumqayıt marşrutu üzrə işləyən "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Teleqraf.com-a bildirib ki, sözlərinə görə, bu həndəvərdə taksi parklarının salınması gözlənilmir, çünki bu, boş ərazi tələb edir. "20 Yanvar" ətrafında isə bütün ərazilər tikililərlə əhatə olunub.

"20 Yanvar" ətrafından daşınmanın qeyri-qanuni olduğunu bildirən ekspertin fikrincə, hazırda ictimai nəqliyyat istənilən keyfiyyətdə deyil: “Lakin son zamanlar, xüsusən də, bu ilin əvvəlində Bakı-Sumqayıt marşrutuna müasir avtobuslar buraxılır. Avtovağzaldan şəhərin istənilən nöqtəsinə getmək üçün avtobuslar mövcuddur. Həmçinin artıq 9 ildir ki, Bakıdan Sumqayıt və Xırdalana yerüstü elektrik qatarı işləyir. 10 yeni qatar da sifariş olunub. Onlardan 7-si sınaqdan keçirilir.

İlin sonuna kimi qalan 3 qatar da gətirilib Abşeron dairəsinə buraxılacaq. Tbilisi prospekti boyu ayrılmış avtobus zolağı şəbəkəsi çəkilib. Bu da "20 Yanvar" dairəsi istiqamətində daha sürətli əlaqəni təmin edəcək".

Rauf Ağamirzəyev deyir ki, qeyri-qanuni sərnişin daşımanın təşəkkül tapmasının əsas səbəbi dayanacaqların metrostansiyalardan aralı olması və sərnişinlərin metrodan çıxan kimi “manatlıq” taksi axtarmasıdır: "Taksi dayanacaqları metrostansiyalara yaxın olsa, sərnişinlər istədikləri ünvana daha tez çata biləcək".

O əlavə edib ki, taksilərin keyfiyyətinin artırılması yönündə müəyyən addımlar atılır, təlimlər keçirilir və yaş limiti qoyulur: “Yalnız yaş limitinə uyğun olan avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilir. Bu məhdudiyyətlə bağlı olan tələblər iyul ayından daha da sərtləşdirilib. Taksi bazarında azalma hallarının baş verməsi elə keyfiyyətin artırılması yönündə görülmüş işlərin nəticəsidir”.

Qeyri-qanuni daşınmada qəzaların daha çox olduğunu bildirən ekspertin sözlərinə görə, ictimai nəqliyyatda sərnişinlərin təhlükəsizliyi tam təmin olunur və daha etibarlıdır: “Müasir avtobuslarda ödəniş sistemi, yüklərin yerləşdirilməsi üçün baqaj, havalandırma və isitmə sistemi kifayət qədər keyfiyyətlidir”.


Müəllif: Mələksəda Zeynallı, İradə Tağızadə

Oxşar xəbərlər