“Vestnik Kavkaza” xəbər verir ki, rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.
RF-nin UNESCO məsələləri üzrə komissiyasının sədr müavini, Şimali Osetiyanın sabiq prezidenti, Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilmiş Aleksandr Dzasoxov vurğulayıb ki, Mehriban Əliyeva çoxmillətli Rusiyanın bütün yaradıcı ziyalılarının böyük hörmətini qazanıb.
O deyib: “Mehriban Əliyeva bütün dünyada öz xalqının görkəmli nümayəndəsidir. Onu UNESCO-da, BMT-də, bir sıra dövlətlərdə tanıyırlar. Birinci xanım Mehriban Əliyevanın məşhurluğu onun Azərbaycan milli mədəniyyətini qoruyub saxlamağın vacibliyini dərindən anlamasına, müxtəlif mədəniyyətlərin və ənənələrin birgə mövcud olmasına və bir-birini zənginləşdirməsinə göstərdiyi səmimi və çox uğurlu köməyə və qayğıya, insanın, ailənin və xalqın baza dəyərlərini anlamasına əsaslanır”.
A.Dzasoxovun fikrincə, Mehriban Əliyeva Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır. Aleksandr Dzasoxov bildirib: “Bizim əməkdaşlığımızın uğuru dostcasına dərin insani münasibətlər formalaşmasına əsaslanır və Mehriban Əliyeva bu əməkdaşlığın memarlarından biridir. Mən Rusiyanın UNESCO məsələləri üzrə komissiyasının sədr müavini və onlarca iri beynəlxalq forumların iştirakçısı kimi bilirəm ki, onun adı həmişə maraq doğurur. O, UNESCO-nun xoşməramlı səfiri kimi yüksək ada layiq görülmüş şəxsiyyətlər sırasına aiddir. Biz öz aramızda tez-tez deyirik ki, Bakı iri regional və beynəlxalq mədəni forumlar keçirilən mərkəzlərdən birinə çevrilib. Məhz Mehriban Əliyeva bu işə öz töhfəsini verir. Mən iştirak etdiyim çoxsaylı tədbirlərdə Mehriban Əliyevanı öz ölkəsinin həqiqi vətənpərvəri olduğunu görmüşəm”.
RF-nin UNESCO məsələləri üzrə komissiyasının sədr müavini deyib: “O, BMT-nin və UNESCO-nun qərargahlarında keçirilən çoxsaylı diskussiyalarda Moskvada bir neçə iri tədbirdə, o cümlədən idmanın inkişafına həsr edilmiş tədbirlərdə parlaq çıxışlar edib. Yadımdadır, birinci Avropa Oyunları ərəfəsində Mehriban Əliyeva sözün həqiqi mənasında mədəniyyət, xüsusən bədən tərbiyəsi və idman barədə ölçülüb-biçilmiş, inandırıcı və yerinə düşən xoş sözlər dedi. Yaşlı nəslin nümayəndəsi və Azərbaycanın “Dostluq” ordeninə layiq görülmüş insan kimi mən də Azərbaycanın birinci xanımına doğum günü münasibətilə ünvanlanmış çoxsaylı səmimi təbriklərə qoşuluram”.
Məşhur teleaparıcı, rejissor və aktyor Yuli Qusman da Mehriban Əliyevanın yüksək insani keyfiyyətlərini vurğulayaraq deyib: “Mehriban Əliyeva ağıllı, gözəl, istedadlı, qeyri-adi, heyrətamiz dərəcədə güclü qadındır. O, dövlət xadimi, ana, birinci xanım və Heydər Əliyev Fondunun layiqli rəhbəri keyfiyyətlərini özündə birləşdirir. Onun rəhbərliyi ilə birinci Avropa Oyunları və “Eurovision” mahnı müsabiqəsi parlaq səviyyədə keçirildi. Əlbəttə, bunu demək asan, amma etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyev kimi son dərəcə mədəni insanla birlikdə onlar, mənə belə gəlir ki, bütün BMT məkanında öz pozitivliyi və istedadı ilə fərqlənən bir cütlükdür”.
Y.Qusman vurğulayıb ki, Bakı sadəcə yenidən qurulmayıb, o özünün bütün üstünlüklərini qoruyub saxlamaqla tamamilə müasir Qərb şəhəri görkəmi alıb. Yuli Qusman deyib: “Bakı möhtəşəm şəhərdir, lakin dəyişən təkcə o deyil, onun bütün ətrafı, o cümlədən bizim “Qorxma, mən səninləyəm! 1991” filmini çəkdiyimiz Gürcüstan sərhədindəki dağlıq rayonlar da dəyişib. Bizim bütün çəkiliş qrupu, bütün kollektiv bu tarixi gözəl diyarda gördüklərinə heyran olmuşdu. Bu dəyişikliklərdə Mehriban Əliyevanın çox böyük rolu olub”.
Rejissor sonda deyib: “Mədəniyyət və incəsənət xadimi kimi həm öz adımdan, həm də bütün dünyada – Rusiyada, Amerikada, Avropada, Asiyada yaşayan və işləyən bütün bakılıların adından Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etmək və sadəcə demək istəyirəm ki, Vətəni sevmək onunla fəxr etmək böyük şərəfdir, ona görə ki, Mehriban Əliyeva kimi heyrətamiz birinci xanım var”.
Rusiyalı Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanov Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi təbrik edib və Azərbaycanın birinci xanımının Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün apardığı işə görə ona ürəkdən təşəkkür edib.
Andrey Baklanov daha sonra deyib: “Mən onun iştirak etdiyi tədbirlərdə olmuşam. Əlbəttə, onun fəaliyyəti çox güclü təsir bağışlayır. 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının təşkilat komitəsinin rəhbəri qismində bu möhtəşəm idman yarışını təqdim edərkən Mehriban Əliyeva oyunların keçirilməsi ideyasını çox uğurlu şəkildə əsaslandırdı, idmanın bu istiqamət üzrə inkişafının perspektivlərini göstərdi və ümumiyyətlə parlaq çıxış etdi. Bu çıxış orada iştirak edənlərin hamısına güclü təsir bağışladı. Onun nitqi siyasi cəhətdən ölçülüb-biçilmiş və çox gözəl idi. Mehriban Əliyevanın məzmunlu ictimai fəaliyyəti ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlib”.
A.Baklanov Mehriban Əliyevanı təbrik edərək onun işinə heyran olduğunu bildirib, Rusiya-Azərbaycan əlaqələrinin və dostluğunun inkişafı kimi nəcib məqsədlərə xidmət edən fəaliyyətində ona uğurlar arzulayıb. ("Azərtac")