1 Fevral 2017 15:34
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisə ilə bağlı Axtarış-Xilasetmə Qərargahı məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda deyilir:

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.

Tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

***

Xəzər dənizinin Neftçala sahilində naməlum kişi meyitinin tapıldığı barədə məlumat yayılıb.


APA-nın Mil-Muğan bürosu xəbər verir ki, meyit Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, tapılan meyit 15 dekabr səhər saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşmüş neftçilərdən birinin meyitidir.

Meyitin şəxsiyyətinin müəyyənləşməsi üçün itkin düşən neftçilərin ailə üzvləri də dəvət olunub. O da qeyd edilib ki,hələlik həmin meyitin kimə məxsus olduğu bilinmir.

Xatırladaq ki, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşənlərdən birinin meyiti tapılıb.

Məsələ ilə bağlı Teleqraf.com-un sualını cavablandıran SOCAR mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev onlarda belə məlumatın olmadığını deyib.

Yaxın vaxtlarda Axtarış-xilasetmə Qərargahının rəsmi açıqlama verəcəyi gözlənilir.

Nərgiz CAVADZADƏ


Müəllif:

Oxşar xəbərlər