12:17
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Teleqraf.com xəbər verir ki, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının təşkili ilə bağlı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. O, İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əlaqələrin genişləndirilməsi işində Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında siyasi dialoqun gücləndirilməsində böyük irəliləyişlərin əldə edildiyini deyən iranlı nazir iqtisadi əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Məhəmməd Cavad Zərif Azərbaycan ilə İranın üçtərəfli formatlarda iştirakının önəmini qeyd edib.
Prezident İlham Əliyev İrana son səfərini məmnunluqla xatırlayaraq orada keçirilən üçtərəfli sammiti beynəlxalq səviyyədə mühüm tədbir kimi dəyərləndirib və səfər zamanı İran Prezidenti ilə səmərəli müzakirələrin aparıldığını qeyd edib. Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
***
Prezident İlham Əliyev Estoniya Respublikasının Xarici İşlər naziri Sven Mikseri də qəbul edib.
Estoniyanın Xarici İşlər naziri Sven Mikser Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirib. Sven Mikser ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə etdi. Estoniyalı nazir bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin önəmini vurğulayaraq bu Sammitdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkür etdi. Sven Mikser Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyərək bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.
Dövlət başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini vurğulayaq orada aparılan müzakirələrin, qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlət başçısı bu təşkilatın üzv dövlətləri ilə yaxın tərəfdaşlıq əlaqələrinin qurulduğunu və artıq 9 üzv dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin imzalandığını vurğulayıb. Prezident İlham Əliyev hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqların aparıldığını qeyd edib və yaxın zamanlarda bu prosesin başa çatacağına ümidvar olduğunu deyib. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında energetika, nəqliyyat və digər sahələrdə böyük irəliləyişlərə nail olunduğunu vurğuladı. Bakıda keçirilən 7-ci nazirlər konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya fəal şəkildə dəstək göstərdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin də uğurla inkişaf etdiyini deyib. Estoniya şirkətlərinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində iştirakının önəmini vurğulayan dövlətimizin başçısı ölkələrimizin ticarət, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.