Fazil Məmmədov uzun müddət – Vergilər Nazirliyi yarandığı vaxtdan nazir vəzifəsində çalışıb. Səhhətində müəyyən problemlər olduğu üçün cənab prezident onu tutduğu vəzifədən azad etdi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
O qeyd edib ki, Fazil Məmmədov vergi sahəsində çox savadlı mütəxəssis idi:
“O, nazir işlədiyi müddətdə bir sıra islahatlar həyata keçirdi. Ən böyük islahatlardan biri elə 2016-cı ildə oldu. Amma cənab prezident düzgün qərar verdi və Mikayıl Cabbarov vergilər naziri təyin olundu. Mikayıl Cabbarov təhsil naziri, ondan əvvəl isə iqtisadi inkişaf nazirinin müavini olub. O, Təhsil Nazirliyinə rəhbərlik etdiyi müddətdə islahatlar aparılmasına çox çalışdı, müəyyən addımlar atdı. Böyük islahatçı kimi tanındı”.
Vergilər Nazirliyində kifayət qədər savadlı və bacarıqlı kadrların olduğunu vurğulayan V.Əhmədov əlavə edib ki, bununla belə sözügedən nazirlikdə çox ciddi islahatlara ehtiyac var:
“Həm Vergi Məcəlləsinə edilən çoxsaylı əlavə və dəyişikliklərlə, həm də digər məsələlərlə bağlı görüləsi işlər çoxdur. Yəqin ki, yeni nazir öz komandasını formalaşdırdıqdan sonra islahatları davam etdirəcək. Bu nazirlikdə islahatlar çox vacibdir. Çünki Vergilər Nazirliyi ilə əhali, sahibkarlar, biznes subyektləri arasında münasibətləri yüksək səviyyəyə qaldırmaq, şəffaflığı təmin etmək lazımdır ki, ciddi problemlər yaranmasın. Mikayıl Cabbarov islahatları davam etdirəcək. Çünki dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi Vergilər Nazirliyi tərəfindən təmin olunur. Bu, strateji nazirlikdir. Bu nazirlikdə islahatların necə getməsi çox böyük əhəmiyyət kəsb edir”.
V.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunan Strateji Yol Xəritələrində də Vergilər Nazirliyi ilə əlaqədar xüsusi bənlər var:
“Məhz Strateji Yol Xəritələrində əksini tapan bəndlərin həyata keçirilməsi üçün də bu nazirlikdə islahatlara böyük ehtiyac var”.