Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulanıb.
Nazirlər Bakıda keçirilən Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, habelə digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd ediblər.
P.Siyarto Hökumətlərarası Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən VIII iclasın nəticələrindən məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəf müqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.
E.Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafında Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırıb.
E.Məmmədyarov Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizinin icrası haqqında ətraflı məlumat verib və bu sahədə əməkdaşlıq imkanlarından danışıb.
Görüş əsnasında nazirlər təhsil sahəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndiriblər. P.Siyarto hal-hazırda Macarıstanda Azərbaycandan 477 tələbənin təhsil aldığı və illik əsasda 200 nəfər azərbaycanlı tələbə üçün təqaüd ayrıldığı barədə məlumat verib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib. O əlavə edib ki, status-kvo dəyişdirilməlidir.
Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edilib.
Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
Sənədə Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri P.Siyarto imza atıb.