4 İyul 2018 11:55
1 890
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respublika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal məsələni nəzarətə götürüb, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar verib, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyası yaradıb.

Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülüb və onların idarə olunması işi təşkil edilib. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınıb, ən əsası, insan tələfatına yol verilməyib.

Hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir.

Təəssüf ki, əhali Mingəçevirdəki İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş verib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdiriliblər. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məlumat verilib və müvafiq tapşırıqlar alınıb, cinayəti törədən şəxs saxlanılıb və məsuliyyətə cəlb edilib.

Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.

Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevirdəki İES-də qəzanın başvermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırıb, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərlərinə düşən vəzifələri icra ediblər.

Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevirdəki İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilib silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdiriblər. Həmçinin özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq dəqiqləşdirilməyib şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstəriblər.

Mingəçevirdəki İES-də baş vermiş qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər görülüb və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub.

Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilib və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər