5 Sentyabr 2018 13:27
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə etdik. Azərbaycanla Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədədir.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirub.

O qeyd edib ki, Yaponiya indiyədək Azərbaycana 7 milyard dollara yaxın investisiya qoyub. Onun 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib:

“Görüşdə ilk növbədə infrastruktur layihələrinə diqqət yetirilib. Yaponiya Şimal-Cənub, Qərb-Şərq dəhlizlərinin inkişafına böyük maraq göstərir. Bundan başqa turizm sahəsində əməkdaşlıq müzakirə olundu. İldən-ilə Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Yaponiya ilə Azərbaycan arasında birbaşa təyyarə reysinin açılması müzakirə olundu”.

E.Məmmədyarov qeyd edib ki, görüş zamanı sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində GUAM-Yaponiya görüşünün keçirilməsinə dair razılıq əldə olunub:

“Bundan başqa onu da deyim ki, sentyabın sonunda Bakıda keçiriləsək cüdo üzrə dünya çempionatında xeyli sayda yapon idmançıları da iştirak edəcək”.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarına geniş məlumat verdiyini deyən E.Məmmədyarov Yaponiyanın mövqeyinin beynəlxalaq hüquqa uyğun olduğunu vurğulayıb.

Yaponiyanın xarici işlər naziri Taro Kono isə bildirib ki, on doqquz il sonra Yaponiyadan Azərbaycana səfər edən ilk xarici işlər naziri olmaq onun üçün şərəfdir.

O qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nöqtədə yerləşir və Cənibi Qafqazda Tokionun əsas tərəfdaşıdır: “Bu əməkdaşlıq əlaqələri artıq 26 ildir inkişaf edir. Keçən il biz əlaqələrin qurulmasının 25 illiyini qeyd etdik. Həmçinin, biz Yaponiya şirkətlərinin iştirak etdiyi Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsi üzrə ötən il daha bir saziş imzaladıq”.

Yaponiyalı nazir Azərbaycanla viza tələblərini asanlaşdırmaq qərarına gəldiklərini vurğulayıb: “Biz qarşılıqlı investisiyaların artırılması barədə müzakirələr aparmağı da qərarlaşdırmışıq”.

T.Kono Yaponiyanın “Cənubi Qafqaz təşəbbüsü” adlı proses başlatmaq niyyəti barədə məlumat verib: “Bu təşəbbüs iki pillədən ibarət olacaq. Birinci pillə dövlət quruculuğuna dəstək layihəsi adlanır. Bu pillədə dövlət məmurlarının, o cümlədən gənc diplomatların və hüquqşünasların təcrübə mübadiləsinin aparılması planlaşdırılır. İkinci pillədə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur”.

Azərbaycanla bütün sahələrdə əməkdaşlığı gücləndirmək istədiklərini vurğulayan T.Kono Bakı ilə Yaxın Şərq və Şərqi Asiyada baş verən prosesləri müzakirə etdiklərini vurğulayıb: “Bundan əlavə, biz Azərbaycan idmançılarını “Tokio-2020” Yay Olimpiya Oyunlarında qarşılmağa hazırıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər