5 Oktyabr 2018 14:56
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri təyin edilən Leyla Abdullayeva ilk açıqlama ilə çıxış edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan açıqlama Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın irəli sürdüyü “Qadınlar sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadınların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etmək niyyəti ilə bağlıdır.

Leyla Abdullayeva bununla bağlı deyib:

“Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakopyanın “Qadınlar sülh naminə” təşəbbüsünün humanitar prinsiplərdən çıxış edərək irəli sürüldüyünü şəxsən bir qadın və ana kimi anlayıram. Güya bu təşəbbüsün əsas məqsədi gənc əsgərlərin, günahsız insanların ölümünün qarşısını almaqdır.

O zaman məsələyə köklü şəkildə yanaşmaq və “Ermənistan əsgərlərinin Azərbaycanın torpaqlarında nə işi var?” sualına cavab vermək lazımdır.

Anna Hakopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib, gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir”.

Leyla Abdullayevanın sözlərinə görə, aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb:

“Lakin nəzərə almaq lazımdır ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə “humanitar missiya” adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir və Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir. Bu məsələ Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər