Azərbaycana hər gələndə sevinirəm. Çünki bütün istiqamətlərdə inkişaf müşahidə edirəm. 2030-ci ilə qədər dünyada davamlı inkişafa nail olmaq üçün Bakıda belə forumun keçirilməsi çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyənin güclü mənəvi bağları var, könül birliyi içindədirlər, qadaşdırlar. Hər iki ölkənin liderləri bu qardaşlığı bütün istiqqamətlərdə inkişaf etdirirlər. Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli sizin qədər, bizi də sevindirir. Azərbaycanın Türkiyədə 20 milyard dollarlıq sərmayəsi var. Bu əməkdaşlıq heç kimə qarşı deyil. Əksinə, regionun davamlı inkişfına töhvə verir.
Bu fikirləri Dayanıqlı İnkişafa Dair Bakı Formu çərçivəsində çıxış edən Türkiyə Respublikasının ombudsmanı Şərəf Malkoç deyib.
Müvəkkil bildirib ki, dünyanın bir tərəfində idman, təhsil, mədəniyyət sahəsində inkişaf, digər tərəfində isə qan, qarşıdurma, yoxsulluq, müharibələr var:
“Ədalətin, insan haqlarının olmadığı yerdə inkişaf mümkün deyil. 10 gündür ki, Meksikadan ABŞ-a keçməyə çalışan qəriblər var. ABŞ isə Meksika ilə sərhəddə hasar tikir. Siz minlərlə insanın Cənubi Amerikadan aclıqdan qaçaraq ABŞ-a hücum etdiyini düşünün. Eləcə də Yaxın Şərqə baxın. Bu ölkələrdən 5 milyon qaçqın Türkiyəyə gəlib. Bunu ən yaxşı anlayan azərbaycanlı qardaşlarımız olar. Çünki Azərbaycan əraziləri, Qarabağ Ermənistan tərəfindən işğal edilib, nəticədə 1 milyondan çox qaçqın problemi yaranıb”.
Türk ombudsman əlavə edib ki, Türkiyə qapılarını Suriyadan gələn 3,5 milyon qaçqına açıb və onlara indiyə qədər 30 milyard dollara qədər pul xərcləyib. Biz bunu insanlıq naminə edirik. Türkiyə yoxsulluq və səfalət içində olan insanlara ən çox yardım edən dünyanın üçüncü ölkəsidir”.
Sonda Malkoç bildirib ki, dünyada ədalətin təmin edilməsi, sülhün yaranması üçün BMT-nin üzərinə böyük məsuliyyət düşür.
O, Azərrbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına dair BMT-nin 4 qətnaməsinin olduğunu, amma bu qətnamələrin indiyə qədər yerinə yetirilmədiyini xüsusulə vurğulayıb.