Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat veriblər.
Ölkəmizin dilbər guşələrindən olan Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan хalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrdə isə Qarabağ atı cinsinin tariхində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. Bu zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tariхli qərarları əsasında Хaldan quşçuluq sovхozunun ərazisində yaradılıb. Zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaхınlığındakı Göytəpə adlanan əraziyə, vaхtilə xan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürülüb. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Qarabağ atçılıq kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub. Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir sərəncam imzaladı. Sərəncama əsasən Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır.
Məlumat verilib ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibatı bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış olublar.
Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.
Bildirilib ki, tarixə nəzər saldıqda Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və хan zümrəsinə daхil olan digər sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxıblar.
Qeyd olunub ki, “Sür-papaq” oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir.
Dövlət başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış olublar.
Məlumat verilib ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Onlardan 5-i ayğır, 50-si madyan, 145-i isə gənc atlar və dayçalardır. Kompleksdə 28 mütəxəssis çalışır.
Qeyd olunub ki, 1946-cı ildə хüsusi komissiya Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Хocavənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərinə sahib 60 baş Qarabağ atını, o cümlədən 59 baş madyanı və 1 baş ayğırı seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilib və onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirakı məhz həmin illərə təsadüf edir. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğunun göstəricisidir. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb. Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir.
Dövlət başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.
Sonra xatirə şəkli çəkdirilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman sahəsində nailiyyətlər ildən-ilə artır. Atçılıq və atçılıq idmanı da xüsusi diqqət mərkəzində saxlanılır. Bir sözlə, ölkəmizdə idmanın bu növü inkişaf dövrünü yaşayır.
2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Sonra Qarabağ atlarından bəhs edən “Sarılar - Qarabağ atının izi ilə” adlı sənədli filmi çəkilib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro “Qarabağ atları” adlı kitab yazaraq nəşr etdirib. London yaxınlığındakı Vindzor qəsrində İngiltərə Kraliçası II Yelizavetanın 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub. Bir sözlə, kompleksdə yaradılan şərait deməyə əsas verir ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır. Həyata keçirilən tədbirlər nəticəsində Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır. Bütün bunların nəticəsində isə atlarımız yenidən beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qürur mənbəyinə çevriləcək.