Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Teleqraf.com-un xəbərinə görə, müraciətdə deyilir:
“Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının açılışı münasibətilə səmimi salamlayır, hər birinizə uğurlar arzulayıram.
Yüksək texnologiyalar sahəsində mühüm hadisələrdən olan sərgi və konfransınızın informasiya-kommunikasiya texnologiyaları sektoru nümayəndələrinin ənənəvi görüş məkanına çevrilməsi sevindirici haldır. Ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi baxımından geniş imkanlara malik “Bakutel” platformasında informasiya-kommunikasiya sənayesi təmsilçiləri, aparıcı biznes rəhbərləri və mütəxəssislər özlərinin qlobal əhəmiyyətli layihələr və eləcə də gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərək həlledici qərarlar qəbul edirlər.
Bu gün Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılmış “Şəbəkə” xidmət mərkəzlərinin sayı davamlı artırılır. İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyət həyatının ayrı-ayrı sahələrində geniş tətbiqi və məlumatların vahid mərkəzdə təhlükəsiz saxlanması üçün beynəlxalq səviyyədə təhlükəsizlik standartlarına cavab verən Data Mərkəzi qurulmuşdur.
Azərbaycan Poçtu ənənəvi xidmətlərlə yanaşı, bank-maliyyə xidmətləri də göstərir. Milli poçtumuz beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətə başlamışdır. İnformasiya-kommunikasiya texnologiyalarına marağın artırılması və gənclərin innovativ ideyalarına dəstək məqsədilə paytaxtda, həmçinin bölgələrdə “İdeyadan Biznesə” startap turları və müxtəlif yarışlar təşkil olunur. Bu yaxınlarda ölkəmizdə ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçirilmişdir. Layihə çərçivəsində ziyarətçilər yüksək texnologiyalar və innovasiyalara dair yeniliklərlə yaxından tanış olmaq imkanı qazanmışlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasının ölkəmizdə yüksək texnologiyaların inkişaf tempini daha da artıracağına əminliyimi ifadə etmək istərdim. İnanıram ki, sərgi və konfrans aparacağınız geniş müzakirələr və keçirəcəyiniz səmərəli görüşlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və yeni təşəbbüslərin meydana çıxmasına yol açacaq, informasiya-kommunikasiya texnologiyaları sənayesinin inkişafına öz töhfəsini verəcək”.