17 Dekabr 2018 20:13
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin növbəti dəfə hərbçilərə dövlət hesabına yeni mənzillərin verilməsi mərasimində iştirak etməsi Azərbaycan dövlətinin özünün silahlı qüvvələrinə çox böyük qayğısını göstərir. Bu, artıq böyük bir praktikaya çevrilib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, indiyədək çox sayda Azərbaycan hərbçisi dövlət qarşısında qüsursuz xidmətinə görə təmirli mənzillə təmin edilib:

“Bu, təkcə hərbçilərə aid olmayıb. Cənab Prezidentin çıxışında göstərildiyi kimi dövlət qayğısına ehtiyacı olan başqa təbəqələr üçün də böyük həcmdə və vaxtaşırı olaraq edilir. İlk növbədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin dövlət hesabına mənzillə təmin edilməsi dövlətin öz üzərinə götürdüyü çox ciddi bir öhdəlik olub indiki hakimiyyət tərəfindən çox səliqəli şəkildə davam etdirilir. Cənab Prezident və ölkənin birinci vitse-prezidenti bir qayda olaraq bu məsələni diqqətdə saxlayırlar və özləri də bu mərasimlərdə iştirak edirlər. Həmçinin, mənzilə ehtiyacı olan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması da dövlətin diqqətində olan bir məsələdir. Bu il rekord sayda – 5800 məcburi köçkün ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Bu isə təqribən 20-30 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması deməkdir”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaya prinsipial mövqe qoyması, cənab prezidentin mərasim zamanı bu istiqamətdə fikirlər səsləndirməsi bugünki tədbirin vacib istiqamətlərindən hesab edilə bilər:

“Onun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində gördüyü işlər, bu məsələnin həlli üçün beynəlxalq hüquq normaları barədə çox ciddi fikirlər bildirməsi bir daha qarşı tərəfə Azərbaycanın çox ciddi mesajıdır. Cənab prezidentin problemin həlli üçün “bu gün ən vacib faktor hərbi gücümüzdür” deməsi göstərir ki, Azərbaycan danışıqlara üstünlük versə də, Ermənistan tərəfi qeyri-konstruktivlik göstərəcəksə, o zaman Azərbaycan cəbhə xəttində öz sözünü çox ciddi surətdə demiş olacaq. Bir sözlə cənab prezidentin bugünki mərasimdə iştirakı və çıxışı təkcə Azərbaycanın yox, xarici mətbuatın da çox ciddi diqqətindədir”.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib. Dövlət başçısı görüşdə çıxış edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər