31 Yanvar 2019 08:35
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Avropa Parlamenti və ATƏT-ə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə aclıq aksiyası keçirən erməni siyasi məhbus Mger Yeqiazaryanın həbsxanada ölməsi, lakin Avropa Parlamentinin bu hadisəyə susqunluqla yanaşması təşkilatın ikili standartlarla fəaliyyət göstərməsinə nümunə kimi dəyərləndirilib.

Təşkilat sədri Rəfail Becanovun imzasıyla göndərilən müraciətdə deyilir:

“Özünü demokrat, insan hüquqlarının keşikçisi sayan bu təşkilatların əsl mahiyyəti Ermənistanda baş verən hadisədən sonra bir daha aydınlaşdı. Dekabrın 5-dən aclıq aksiyası keçirən Vahid Ermənistan Partiyasının sədr müavini və jurnalist Mger Yeqiazaryan yanvarın 26-da səhhətində yaranan problem səbəbindən ölüb. Onun aclıq aksiyasına səbəb Nikol Paşinyan hakimiyyəti tərəfindən həbsi və bütün şikayətlərinə baxmayaraq hüquqlarının təmin edilməməsi idi.

Xüsusi qeyd etmək lazımdır ki, Yeqiazaryan “inqilaba” dəstək vermədiyi və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımladığı üçün Paşinyan hakimiyyəti tərəfindən cəzalandırılmışdı”.

Müraciətdə qeyd olunub ki, Avropa Palamenti Azərbaycana hər zaman qərəzli, ikili standartlarla yanaşır:
“Amma onun 50 gündən artıq çəkən aclıq aksiyası Ermənistan hakimiyyəti ilə yanaşı, insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatları da narahat etmədi. Azərbaycan əleyhinə Avropa Parlamentində tələsik qətnamə qəbul edənlərdən heç kim bununla bağlı öz etirazını bildirmədi. Beynəlxalq qeyri-hökumət təşkilatları da müəmmalı şəkildə bu hadisəyə münasibət bildirmirlər. Onda sual yaranır ki, bu selektiv yanaşmanın kökündə nə dayanır? Azərbaycana qarşı isə əksinə, hər zaman qərəzli, ikili standartlarla yanaşma müşahidə edilir.

Bir müddət öncə bloqqer Mehman Hüseynov ətrafında baş verən hadisələr zamanı Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul etdi. Hadisənin motivi dərindən araşdırılmadı və Mehman Hüseynovun bir neçə gün çəkən, süd məhsullarının qəbulu ilə müşayiət olunan aclıq aksiyası Avropa Parlamenti tərəfindən anti-Azərbaycan qətnaməsinin qəbuluna səbəb oldu”.

Təşkilat bu yanaşmanın kökündə Avropa Parlamentinin islamofobiya düşüncəsinin daşıyıcısı olmasının təzahürlərini görür:

“Ona görə də baş verən ən xırda hadisəyə görə Avropa Parlamenti toplanaraq anti-Azərbaycan dinləmələri keçirir, qətnamə qəbul edə bilir. Ermənistanda baş verən hadisələrə isə “xristian həmrəyliyi” rakursundan yanaşılır. Fakt budur ki, özünü demokratik dəyərlərin qoruqçusu elan edən təşkilatlar, bu təşkilatların rəsmiləri hələ də ikili standartlar çərçivəsindən çıxa bilmirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər