UNESKO-nun Dünya İrs Komitəsinin Azərbaycan Respublikasının sədrlik etdiyi 43-cü sessiyası davam edir.
Teleqraf.com-un məlumatına görə, sessiya çərçivəsində ölkəmiz, həmçinin, komitənin Xüsusi İşçi Qrupuna (Ad Hoc) da rəhbərlik edib.
Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyinin ikinci katibi Rəşad Baratlının rəhbəri olduğu işçi qrupda 33 ölkə, UNESKO-nun Dünya İrs Mərkəzi və onun 3 məşvərətçi qurumunun – IUCN, ICOMOS və ICCROM-un nümayəndələri təmsil olunub. İşçi qrupun gündəliyində nominasiya prosesində islahatlar və əlavə məşvərət xidmətlərinin müzakirəsi məsələləri öz əksini tapıb.
Aparılan müzakirələrin nəticələri Dünya İrs Komitəsinin 43-cü sessiyasına təqdim edilib. Sessiya zamanı nominasiya prosesinin islahatı ilə bağlı mühüm qərarlar qəbul olunub. Bununla əlaqədar olaraq Dünya İrs Komitəsinin üzvləri Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.