Bir neçə gündür hakimiyyət təmsilçilərinin mediada səsləndirdiyi müxtəlif fikirlər həddən artıq ciddi ictimai rezonansa səbəb oldu. Hətta bir çox politoloqlar dövlət siyasətinin dəyişdiyi şübhəsinə düşmüşdülər. Əlbəttə ki, bütün gözlər Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova dikilmişdi. Əli Həsənov bugünkü Feysbuk paylaşımı ilə dövlətçilik və milli birlik baxımından olduqca dəyərli bir mövqe ortaya qoydu.
Bu sözləri Axa.az-a açıqlamasında politoloq, əməkdar jurnalist, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı son günlər bəzi iqtidar mənsublarının açıqlamalarının doğurduğu rezonans və Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bugünkü cavabına reaksiyasında bildirib. Politoloq deyib ki, dövlətin əsas ideoloji dayaqlarından olan Əli Həsənov bugünkü açıqlaması ilə bütün dedi-qoduların, şayiələrin və yanlış düşüncələrin qarşısını birbaşa aldı:
“Əslində, hörmətli Əli Həsənovdan gözlənilən də bu idi. Çünki o, hakimiyyətin siyasi-ictimai və ideoloji sütunlarından biridir. Narahatlıq nə idi? Çox təəssüf ki, bəzi məsuliyyətsiz açıqlamalar həm ölkə daxilində siyasi qeyri-müəyyənlik formalaşdırmağa zəmin yaradır, həm də Azərbaycandan kənarda olan qüvvələrə ölkəmizə qarşı “demokratiya basqısı” həyata keçirmək üçün əlavə fürsət verirdi. Belə məqamlardan biri Azərbaycanda hazırda və yaxud vaxtilə müxalif düşərgədə olmuş insanlara qarşı “düşmən” ifadəsinin işlədilməsi idi. Azərbaycan daxilində iqtidar müxalifətə, müxalifət də iqtidara düşmən kimi baxmayıb və yaxud baxmamalıdır. Hətta ən radikal müxalifət olan, ölkə xaricində şübhəli mənbələrdən maliyyələşdirildiyi haqda məlumatlar yayılan və hökuməti ancaq “qara görən” Əli Kərimliyə qarşı münasibətdə də ölkənin yüksək çinli məmurlarından olan Ə.Həsənovun açıqlamalarının hansı səviyyədə olduğunu görürük. Ə.Həsənov Əli Kərimlini həmişə düzgün vətəndaş mövqeyi sərgiləməyə, siyasi rəqabəti normal, etik və siyasi çərçivələrdə aparmağa dəvət edir. Ə.Həsənovun açıqlamalarında və çıxışlarında bir dəfə də olsun Ə.Kərimlinin ünvanına “düşmən” ifadəsi işlədilməyib. Bu, Əli Həsənovun simasında Azərbaycan hakimiyyətinin bütün Azərbaycan vətəndaşlarına verdiyi müsbət mesaj olmaqla bərabər, siyasi mədəniyyətin əsaslarını təşkil edir. Çox təəssüf ki, siyasi mədəniyyətin nümunəsini təqdim edən hakimiyyətin əsas ideoloji dayaqlarından fərqli olaraq, bəziləri iqtidar mənsubluğunun məsuliyyətini daşımadan elə bəyanatlar verirlər ki, bu, iqtidarın özünün əleyhinə çevrilir.
Əslində isə bütün dövlətlərdə iqtidarlar həm siyasi rəqibini zəiflətmək, həm də parlaq istedadları öz komandasına daxil etmək üçün müxalifətə, sivil topluma, mediaya, iqtisadçılara, müstəqil politoloqlara “kadr bazaları”ndan biri kimi baxıb. Özünü təsdiq etmiş, yeni ideyalarla zəngin olan parlaq simalarla konstruktiv əməkdaşlıq bütün iqtidarların prioritetləri sırasındadır. Azərbaycan iqtidarı heç vaxt, xüsusilə ümummilli məsələlərdə konstruktiv müxalifətlə daimi əməkdaşlıq etməkən bir dəfə də olsun boyun qaçırmayıb. Əksinə, daim onları ümummilli maraqlar baxımından birgə çalışmağa dəvət edib. Ona görə də bəzi adamların müxalifət düşərgəsinə qarşı aşırı siyasi aqressiya nümayiş etdirməsi qəbuledilməzdir. Necə ki, Əli Həsənov bütövlükdə mövqe ortaya qoyaraq onların cavabını verdi.
Ümumiyyətlə, ölkə daxilində həm siyasi, həm də digər yanlışlıqlara yol verən – söhbət cinayətə yol verənlərdən getmir - şəxslərə münasibətdə “dövlət baba” anlayışı var. Dövlətçilik ənənəsi həm də bu tip şəxslərin ölkəyə qarşı olan qrupların təsiri altına düşməməsi və ya təsir altında olan şəxslərin xilas edilməsidir. Əli Həsənov xüsusi olaraq vurğuladı ki, Prezident İlham Əliyev də 2003-cü ildə seçkilərdə qalib gələndən sonra bir daha bəyan etdi ki, mən 50 milyonluq xalqın prezidentiyəm. İlham Əliyev son 16 illik fəaliyyətində dəfələrlə açıq şəkildə sübut edib ki, o, hətta ona səs verməyənlərin prezidenti olmağı bacarır. Onun bütövlükdə xalq üçün, dövlətçiliyimiz üçün, ərazi bütövlüyümüzün bərpası üçün atdığı addımlar, həyata keçirdiyi islahatlar dediklərimin sübutudur. Milli həmrəylik Azərbaycan Prezidentinin daxili siyasətinin əsasını təşkil edir. Xalqın dəstəklədiyi, rəğbət bəslədiyi bu siyasətin üzərinə kölgə salmaq olmaz. Belə bir məqamda hesab edirəm ki, bəzi iqtidar mənsubları açıqlamalarında iqtidarın hazırkı mövqeyini, nüfuzunu, ideoloji və siyasi xəttini, hakimiyyətin uzun illərdən bəri formalaşdırdığı dövlətçilik ənənəsini mütləq nəzərə almalıdırlar. Onlar hakimiyyətin siyasi və ictimai nüfuzuna, ideoloji xəttinə zidd olan açıqlamalar verməkdən qəti şəkildə çəkinməli və hansı ideoloji yük daşıyıcısı olduqlarını unutmamalıdırlar”.