“Bura hansısa dağ başı yox, Avropa İttifaqının paytaxtıdır. 2020-ci ildə insanı milli mənsubiyyətinə görə daşlaya bilməzsən. Bunu edən kim olur-olsun, küçədə sərbəst gəzə bilməz. Çünki Avropanın özünün qanlı bir tarixi olub, buna görə bu tip məsələləri çox ciddiyə alırlar”.
Bunu Teleqraf.com-a "Azerbaijani Cultural Center in Belgium" (ACCB) İdarə Heyətinin üzvü, TUSİAD Brüssel təmsilciliyinin araşdırmaçısı Aynur Bəşirova deyib.
O bildirib ki, iyulun 22-də Brüsseldə Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək planlaşdırıblarmış: “Brüsseldəki aksiyada təxminən 50 nəfərə yaxın azərbaycanlı iştirak edirdi. Ümumiyyətlə, Belçikada azərbaycanlılar çox azdır. Ermənilər tərəfdən 400-ə yaxın iştirakçı vardı. Aksiyada ermənilər çox aqressiv idi. Onlar bizə daş, şüşə, yumurta atmağa başladılar. Doğrusu, 2020-ci ildə mən və həmvətənlərimin azərbaycanlı olduğu üçün daşa basılmasını gözləmirdim. Bu, ağlıma gəlmirdi”.
Aynur Bəşirova aksiyada xəsarət alan azərbaycanlıların səhhətinin artıq yaxşı olduğunu deyib: “Ermənilər uzaqdan daş atdıqlarına görə onların vəziyyəti çox ağır olmadı. Bəzilərinin yaraları aksiya yerində sarındı, bəzilərini də təcili yardımla xəstəxanaya apardılar. Onlar da artıq evə buraxılıb. Ortada polis olduğu üçün ermənilər səfirlik ərazisinə keçə bilmirdilər.
Aksiyadan sonra polisin onları dağıtdığını düşündük. Səfirliyin ərazisindən çıxıb evə getməyə hazırlaşan azərbaycanlılara ağacların altında gizlənmiş ermənilər hücum etdi. Bu zaman təqribən 4 nəfər soydaşımız yaralandı. Hazırda onların da vəziyyəti yaxşıdır və xəstəxanadan evə buraxılıblar. Səfirlik tərəfindən xəstəxanalara düşən azərbaycanlılar hüquqşünasla təmin olunublar. Onların xərcini səfirlik çəkib”.
Soydaşımız deyir ki, Belçikada çox nümayiş olur, amma daşlanmağı ilk dəfə görür: “Belçikada 15 ildir yaşayıram, belə bir vəhşiliyin şahidi olmamışdım. Yerli mediada bu haqda çox bilgi yoxdur. Amma biz çalışacağıq ki, media bu hadisələri işıqlandırılsın”.
Aynur Bəşirova baş verən olayla bağlı cinayət işi açıldığını, indiyə qədər vandallığa yol verən 17 erməninin Belçika polisi tərəfindən saxlanıldığını da vurğulayıb: “Aksiyadan bir gün əvvəl Amerika Konqresi Dağlıq Qarabağı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağı olaraq qəbul etdi. Buna görə, ermənilər hirsli idilər və aksiyadakı hərəkətləri də onların hayqırışı idi. Çünki diplomatik sahədə bizə uduzmuşdular.
Erməni lobbiləri güclüdür. Çünki xarici ölkələrdə azərbaycanlılardan daha tez yaşamağa başlayıblar. Bu ölkələrdə onlardan daha gec yaşamağımıza, diaspor təşkilatlarımızın sayının az olmasına baxmayaraq biz artıq diplomatik və hüquqi baxımdan qələbə qazanmışıq. Onlar bunun fərqindədirlər. Heç bir provokasiyaya getməyin anlamı yoxdur, qanun bizim tərəfimizdədir. Çünki biz tərəfdən ermənilərə qarşı heç bir hücum olmayıb. Bu məsələdə haqlıyıq. Onlar öz vəhşiliklərini videoya da çəkmişdilər. Bu videolar sayəsində polisə etdikləri hərəkətlərin sübutunu vermiş oldular. Biz qanuni yolla qorunuruq, artıq burda hər şey yaxşıdır
Ermənilərə aqressiv cavab verməyə ehtiyac yoxdur. Çünki onda biz haqlı ikən, haqsız vəziyyətə və onların səviyyəsinə düşərik. Onların səviyyəsinə düşsək, onda onları tənqid etməyə haqqımız olmaz. Belçika hüquq-mühafizə orqanları məsələni araşdırır. Biz həqiqətlərimizi çatdırmağa davam edəcəyik”.
Aynur Bəşirova aksiyada bir Azərbaycan bayrağının da yerə düşməsinə imkan vermədiklərini söyləyib: “Axıra qədər hamı daşların altında qorxmadan durub “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ermənistan terrorçudur” və sair şüarlar səsləndirməyə davam etdi”.