Fransa hər zaman Ermənistanın yanında olub, onu müdafiə edib. Prezident Makronun müraciəti, Paris merinin mövqeyi ortadadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.
Deputat təklif edib ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmasına dair bəyanat hazırlasın.
Deputat parlamentdə səsləndirilən bütün fikirlərlə razı olduğunu ifadə edib: “Fransanın bütün fəaliyyəti ATƏT-in Minsk Qrupunu fəallaşdırmağa xidmət edir. Biz də çalışmalıyıq ki, əgər bu baş versə, Türkiyə həmsdərlərdən biri olsun”.
Vahid Əhmədov deyib ki, dekabrın 1-nə qədər Laçın və Kəlbəcər də Azərbaycana təhvil veriləcək: “Artıq Ağdam Azərbaycana təhvil verilib. Sözsüz ki, Ağdamda, Laçında və Kəlbəcərdə Azərbaycan dövlət bayrağı dalğalanacaq. Mən istərdim ki, bayrağımız Xocalı, Xocavənd, Xankəndində də dalğalansın. Əlbəttə, bunun üçün zaman lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev bunun üçün ortaya ciddi siyasi iradə qoyub. Hesab edirəm ki, Milli Məclis olaraq bizdə bu işdə fəal olmalıyıq”.
Vahid Əhmədov deyib ki, Azərbaycan müharibədə qalib gəlib.