Milli Kimlik Araşdırmaları qrupunun üzvlərinin növbəti onlayn konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, “Qarabağ Zəfəri və Azərbaycan Milli Kimliyinin inkişafındakı təsirlərinin tarixi-strateji dəyərləndirilməsi” adlı konfransda mütəxəssislər 44 günlük Vətən müharibəsinin nəticələri və bunun Azərbaycan Milli Kimlik düşüncəsinə təsirlərini müzakirə ediblər.
Tədbirin moderatoru, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi İdarə Heyətinin sədri Elçin Əsgərov Vətən müharibəsi nəticəsində işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə yanaşı yeni tarixi şəraitin yarandığını bildirib. Onun sözlərinə görə, müharibənin qalibiyyətlə başa çatması Azərbaycan ictimai şüurunda böyük təsir oyadacaq, həmçinin Milli Kimlik düşüncəsinə də təsir edəcək. E.Əsgərov müharibə dövründə xalq arasında milli birliyin, vəhdətin yaranması, ordunun, həmçinin Ali Baş Komandan İlham Əliyevin milli-mənəvi dəyərlərə söykənən jestləri və çıxışlarını xatırladıb.
Tarixçi, təhsil eksperti Aydın Allahverdiyev müharibədən sonra yaranmış situasiyada dövlətimizin əsas ideyasının vətəndaşlıq üzərində qurulmalı olduğunu bildirməklə yanaşı, Azərbaycanda bir neçə xalqın bir yerdə və dinc şəraitdə yaşadığını, buranın çoxkonfessiyalı bir ölkə olduğunu da xatırladıb. O, həmçinin vahid etnos və ya din üzərindən millət inşasının mümkün olmadığını xüsusi qeyd edib. Azərbaycan üçün ən uyğun formulun vətəndaşlıq olduğunu və Azərbaycanın bu ölkədə yaşayan bütün xalqların Vətəni olduğu fikrinin önə çıxmalı olduğunu qeyd edib.
A.Allahverdiyev müharibə dövründə bunun müsbət mənada sınaqdan çıxdığını, insanların Vətən ideyası ətrafında birləşə bildiyini xatırlatdı.
Araşdırmaçı Ceyhun Bayramlı isə çıxışında yeni şəraitdə işğaldan azad edilmiş ərazilərdəki Alban abidələrinin statusunun geri qaytarılması, həmçinin erməni kilsəsi ilə münasibətlərin qurulması mövzusunu gündəmə gətirib. Bayramlının fikrincə, tarixi ədalətsizliyi aradan qaldırıb Alban kilsəsinin müstəqilliyini bərpa etməli, erməni kilsəsinin bizim alban irsi ilə bağlarını qırmaq lazımdır: “Çünki həddən artıq siyasiləşmiş erməni Qriqoryan kilsəsinin fəaliyyəti Azərbaycan üçün təhlükə daşıyır. Onagörə də gələcəkdə Qarabağda ermənilərlə birlikdə yaşadığımız zaman bu nəzərə alınmalıdır. Beləliklə, türk-alban kilsəsinin dirçəldilməsi zərurəti yaranır”.
AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim Hacı Həsənov isə Qarabağ münaqişəsinin həllinin region üçün yeni siyasi situasiya yaratdığını qeyd etdi. Mütəxəssisin fikrincə, Qarabağ münaqişəsinin həlli onu göstərdiki, bu cür münaqişələr beynəlxalq müstəvidə yox regional müstəvidə həll oluna bilər. Eyni zamanda digər xalqlara da ümid verdi ki, onların da problemlərinin həlli mümkündür: “Zənnimcə, müharibə həm də regional siyasi münasibətlərə təsir edəcək, yeni əməkdaşlıq formatlarını üzə çıxaracaq”.
Tarixçi alim Əkbər Nəcəf isə Qarabağın azadlığını Azərbaycanın yeni tarixinin başlanğıcı kimi qiymətləndirib. Müharibənin nəticələrini təhlil edən ekspert yalnız hərbi-siyasi istiqamətdə deyil, eyni zamanda ideoloji planda keyfiyyət dəyişikliyinin yarandığını qeyd etdi. Lakin eyni zamanda alimin fikrincə, müharibə həm də bir gerçəyi ortaya çıxardı ki, biz bu coğrafiyada ermənilərlə yanaşı yaşamağa məhkumuq: “Praktika isə onu göstərir ki, biz müəyyən zaman keçdikdən sonra ermənilərlə münasibət qura bilərik”.
Tarixçi-alim Telman Nüsrətoğlu, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Pərviz Paşaoğlu yeni situasiyada elm adamlarının görəcəyi işlər, akademik və ideoloji sahədə atılmalı olan addımlarla bağlı təklif və suallarını səsləndirdilər.