Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə TBMM-nin 100 illiyinə həsr olunmuş və TBMM Başkanı cənab Mustafa Şentop tərəfindən açılmış beynəlxalq elmi simpozium dekabrın 6-da da öz işini davam etdirib.
Teleqraf.com xəbər verir ki, onlayn rejimdə keçirilən "Türkiyə Böyük Millət Məclisinin 100-cü ilində Milli Egemenlik ve Temsil" adlı beynəlxalq simpoziumun işində dünyanın bir çox ölkələrindən alimlər və siyasətçilər iştirak edir.
Beynəlxalq Türk Akademiyasının Daimi katibi professor Asxat Kesikbayevin moderatorluğu ilə keçirilən panel toplantısında millət vəkili Cavanşir Feyziyev “Türk parlamentarizm ənənələrinin təkamül tarixi” adlı məruzə ilə ilə çıxış edib.
Fəlsəfə doktoru Cavanşir Feyziyev klassik türk dövlətçiliyinin inkişafında parlamentarizm ənənələrinin ilkin təzahür formalarından bu günkü müasir parlament təsisatına qədər keçdiyi təkamül tarixi haqqında simpozium iştirakçıları qarşısında onlayn rejimdə çıxış edib. O qeyd edib ki, tarixi mənbələrdə türk dövlət məclisləri barədə ilkin məlumatlar Böyük Hun imperiyası dönəminə təsadüf edir və mühüm ictimai-siyasi təsir imkanlarına malik olan “Gənəşək” elmi ədəbiyyatda ilk türk proto-parlamenti kimi tanınıb.
Məruzəçi Hunlar və Göytürklər dönəmində fəaliyyət göstərmiş “Qurultaylar”, Əmir Teymurun dövlət idarəçiliyi sisteminin vacib mexanizmi olan “Gənəşək”, “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan “Toy”lar, orta əsr türk dövlətlərində rast gəlinən “Seçilənlər Məclisi”, “İxtiyarlar Məclisi”, “Məşvərətçi Şura”, “Divani-Humayun” kimi ilkin parlament quruluşlarının səlahiyyətləri və cəmiyyətlərin həyatındakı rolu haqqında ətraflı məlumat verib. Böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında 1920-ci ildə fəaliyyətə başlamış TBMM-nin keçdiyi şərəfli yol haqqında danışan millət vəkili qardaş ölkənin parlamentində bir həftə öncə Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi haqqında qanunun qəbul olunduğunu xatırladaraq Türkiyə Cümhuriyyətinə və TBMM-ə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib. Cavanşir Feyziyev deyib: “...Bu qanunun TBMM-də qəbul olunması qardaş Türkiyənin dünya siyasətində söz sahibi olduğunu və bütün müstəqil türk dövlətlərinin təhlükəsizliyinin zəmanəti olduğunu göstərən tarixi bir hadisədir...”
Daha sonra C. Feyziyev müstəqil türk respublikalarının parlamentləri arasında əlaqələrin genişləndirilməsi və gücləndirilməsi zərurətu haqqında danışıb və bu məsələdə TÜRKPA-nın rolunu yüksək qiymətləndirib.
Elmi simpoziumda Azərbaycan millət vəkili Qənirə Paşayeva “Müasir türk respublikaları arasında mədəni-humanitar ilişkilər” və Özbəkistan Ali Məclisinin üzvü, tarixçi alim Əzəmət Ziya “Teymurilər dövründə Özbək Dövlətində Keneşlər və Qurultaylar” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr və müzakirələr TBMM-nin web-portalında canlı yayımlanıb. Simpozium öz işini növbəti günlərdə də davam etdirəcək və dünyanın bir çox ölkələrindən olan elm adamları və parlament üzvləri tərəfindən Türkiyə parlamentinin 100 illiyinə həsr olunmuş məruzələr və çıxışlar ediləcək.