20 Dekabr 2020 01:26
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Rusiya KİV-lərinin diqqət mərkəzindədir.

Teleqraf.com xəbər verir ki, bu ölkənin aparıcı nəşrlərindən olan “Kommersant” qəzetinin “Kreml pulu” deyilən jurnalistlər qrupuna daxil olan müxbiri Andrey Kolesnikov ali tədbirə həsr olunmuş məqaləsində Azərbaycan Prezidentinin çıxışını qələbə nitqi kimi qiymətləndirib.

Jurnalist yazır ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə təşkil olunmuş tədbirdə Ermənistan baş nazirindən başqa MDB-yə daxil olan bütün dövlətlərin başçıları iştirak edirdi.

A.Kolesnikov xatırladıb ki, Azərbaycan Prezidenti sammitdə ilk çıxışçı idi. Onun bir saat davam edən, demək olar, bütövlükdə Azərbaycan xalqının düşmənlə mübarizəsinə və düşmən üzərində qəti qələbəsinə həsr olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”.

Jurnalist yazır ki, MDB üzrə həmkarları Prezident İlham Əliyevi müəyyən gərginliklə dinləyirdilər. Azərbaycan Prezidenti onlara Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 il ərzində dünya birliyini aldatdığını, bir santimetr də olsun torpaq qaytarılmayacağı barədə bəyanatları, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasını, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə, yeni heç bir töhfə verməyə qadir olmadığını xatırladıb. A.Kolesnikov Azərbaycan liderinin “Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü” sözlərini xüsusi diqqətə çatdıraraq yazır: “İlham Əliyev rahat və inamla danışırdı. Onun nitqində bir kəlmə də olsun artıq söz yox idi, dəqiq formalaşdırdığı fikirləri, heç şübhəsiz, Azərbaycan PUA-ları erməni tanklarını vurduğu kimi, birbaşa hədəfə dəyirdi. Qarşımızda Azərbaycan xalqının liderini görürdük. Tarix boyu bu xalqın hələ belə lideri olmamışdı və xalq özü də indi buna əmindir”, - deyə məqalədə bildirilir.

Sammit iştirakçılarının Azərbaycan Prezidentini diqqətlə dinlədiklərini vurğulayan müxbir yazır: “Görünür onların hər biri özünü ambisiyalarından asılı olaraq gah Nikol Paşinyanın, gah da İlham Əliyevin yerində hiss edirdilər”.

Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi dövründə düşmən tapdağı altından azad edilən şəhər və rayonların adlarını sadaladığını, noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qafqazın incisi Şuşanın işğalına son qoyulması ilə hərbi əməliyyatların başa çatdığını söylədiyini qeyd edən A.Kolesnikov onun “darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur” sözlərini də sitat gətirib. Onun fikrincə, Azərbaycan Prezidenti bu sözləri üçtərəfli müqavilənin sonadək yerinə yetirilməsinə nail olmaq üçün deyib.

Sonda A.Kolesnikov yazır: “İlham Əliyev “biz, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” sözləri ilə öz benefisini başa çatdırdı. Qəribə idi ki, alqış səsləri eşidilmirdi. Sammitdə bundan sonra baş verənlər isə artıq heç bir əhəmiyyət kəsb etmirdi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər