Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. Görüşdə iştirak edən əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev Teleqraf.com-un suallarını cavablandırıb.
- Ayaz müəllim, Azərbaycan və Ermənistanın bir qrup ziyalısı görüşdü. Görüşü necə dəyərləndirirsiniz?
- Bəli, Azərbaycan və Ermənistanın ziyalıları görüşdü, amma orada mehribançılıq olmadı. Bu, ilk görüş olaraq tanışlıq missiyasını daşıyırdı. Heç kim heç kimlə qucaqlaşıb, görüşmədi. Sadəcə görünürdü ki, bizim qələbəmiz onları çox dəyişdi. Həqiqətən də hiss edilirdi ki, məyus və məğlub olan xalqdırlar. Mənə elə gəlir ki, bu görüşlərin vaxtı çatdı. Çünki onlar Cənubi Qafqazdakı qonşularını və başqa ölkələri rahat yaşamağa qoymayacaqlar. Bu görüşlərin ən başlıca məqsədi onların beynindən və təfəkküründən uydurma "Böyük Ermənistan" xülyasını çıxarmaq və silməkdir. Biz bunu tək bacarmasaq da heç olmasa cəhd göstərək ki, bu ideya əslində, faşist bir ideyadır.
- Necə düşünürsünüz, bu proses çətin olacaqmı? Görüşdən hansı qənaətə gəldiniz?
- Əlbəttə ki, bu proses çox çətin olacaq, hər iki tərəfdə məhəbbət yoxdur. Şəxsən mən gələcək layihələrdə iştirak edəndə qəlbimdə və gözümün önündə şəhid analarını tutacam. Mövqeyimizdən geri çəkilməmək şərti ilə belə layihələr ola bilər.
- Müzakirlərdə əsas mövzu Ermənistanın Azərbaycan torpaqlarında yerləşdirdiyi mina xəritəsi və saxlanılan erməni terrorçularla bağlı idi?
- Bəli, mina xəritəsi haqqında Fərhad Bədələbəyli danışdı. Onlar da dedilər ki, bizim uşaqları qaytarın, terrorçuları nəzərdə tuturdular. Fərhad Bədəlbəyli isə cavab verdi ki, onlar tez-gec qayıdacaq, amma müharibədən sonra mərmilərdə həyatlarını itirənlər, heç vaxt həyata qayıtmayacaqlar. Yanlış mina xəritəsi veriblər.
- Sizin mədəni layihələr müstəvisində təklifləriniz oldumu?
- Görüşdə erməni rejissor Harutyun Xaçatryan da iştirak edirdi. Onunla bir-birimizi tanıyırıq, İsveçrədə festivalda tanış olmuşuq. Bizim layihələrimiz o ola bilər ki, Qarabağ mövzusunda çəkilən filmlər proqramını yığıb, onlara verərəm. Amma təbii ki, bunu məsləhətləşib edə bilərəm. Onlarda bir neçəsini də görmüşəm. Tələbələrimə də göstərmişəm ki, onlar Qarabağ mövzusunu necə görürlər, ən azından kinoşünaslar üçün. Belə bir variant burada da göstərilə bilər. Çoxdan burada Ermənistan Elmi-Tədqiqat İnstitutu olmalı idi ki, dərindən onların təfəkkürünü, milli ideologiyasını, fəlsəfəsi, milli dramaturgiyasını, bədii ədəbiyyatını, kino sahəsini və s. bilək.
- Proseslə bağlı millətçi ermənilərin fikrini bilirik. Bəs, ziyalıların yanaşması necədir?
- Prosesdə çox az ziyalı var idi və mövqelərini çatdırmağa qorxurdular. Mən orada onlara da dedim ki, nəyə görə sizin kimi adamlar sosial mediada, mətbuatda yoxdur. Bizi söyən millətçi adamlar var, onları tanıyırıq, başqa adamları görmürük. Heç nə demədilər.
- Ayaz müəllim, indiyə qədər bu cür görüşlərdə iştirak etmişdinizmi?
- Bəli, bu tipli görüşlərdə iştirak etmişəm. Birinci görüşdə iştirak etmişdim, ondan sonra hətta bəyanat da imzaladıq, Qazax rayonunda görüşmüşdük. Sonra Xocalı faciəsi baş verdi və uzun illər görüşmədim.
- 44 günlük Vətən müharibəsindən öncə uzun illər xalq diplomatiyası barədə müzakirələr olur, Ermənistan təmsilçiləri ilə görüşlər keçirilirdi...
- Bəli, görüşlər olmalı idi. Biz görüşü üçüncü tərəfə vermişdik. Məsələn, mənim İda Martirosyan ilə söhbətim Youtubda var. O, heç bir sualıma cavab vermədi. Bu o deməkdir ki, erməni ictimayətinin bu suallara cavabı yoxdur. Məsələn soruşdum ki, 1988-ci ildə İrəvanda mitinq başladınız ki, Xankəndini Ermənistana birləşdirsinlər. Biz sizə o vaxt neyləmişdik?! Nəyə görə elə etdiniz? Cavab vermədi. Dedim ki, siz bilmirsiniz ki, Stepan Şaumyan bolşevik olub, qədim hökmdar olmayıb, 19-cu əsrin sonunda doğulub, Şuşanın banisi Pənahəli xan olub. Bu haqda internetdə məlumat var. Şuşanın birinci adı "Pənahabad" olub. Siz bunu bilmirsiniz?! Bilirsinizsə nəyə görə, Pənahəli xandan ötrü ölümə gedirsiniz? Mən heç vaxt uşağımı hansısa erməninin əsasını qoyduğu bir şəhər uğrunda ölməyə qoymazdım.
- Maraqlıdır ki, bu tərz sualları ziyalılarla görüşdə ünvanladınız?
- O görüşdə belə sualların yeri deyildi. Mən yalnız onu dedim ki, bir dəfə də görüşək diplomatiya ilə yox, bir-birimizə sözümüzü açıq bildirək.
- Növbəti görüşlə bağlı razılaşma oldu?
- Xeyr, razılaşma olmadı və şəxsən mən çox istərdim ki, orada indiki olduğu kimi tanışlıq yox, bir-birimizi söyməmək, döyməmək şərti ilə konkret sözümüzü deyək. Onlara bu cür suallar vermək çoxdankı arzumdur ki, nə fikirləşirlər. Mən diplomat deyiləm, səmimi insanam və bildiklərimi deyirəm.
- Zamanla bu iki xalq bir yerdə mehriban mühitdə yaşayacaqmı? Ümidləriniz varmı?
- Hamı bu sualı mənə verir, bilmirəm. Çünki 1905-ci il, 1918-ci illərdə hadisələr olub. 1970-ci illərdən sonra sovet hökuməti qoymadı. SSRİ-nin dağılmasına bir neçə il qalmış yenə məsələ başlandı. Onların beynindən "Böyük Ermənistan" ideyasını çıxarmaq lazımdır. Ermənistanın gerbində "Ararat" dedikləri Ağrı dağı var. O dağ ki, heç vaxt Ermənistanın olmayacaq. Onların milli ideyası düzgün qurulmayıb.