“Türkiyə Prezidenti Ərdoğan iranlı həmkarı Rəisi ilə telefon danışığında “3+3” formatının Türkiyədə keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb. İran müharibədən sonra bu formata qarşı olsa da, mövcud geosiyasi reallıqla barışmalı oldu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın da daxil olduğu platforma Cənubi Qafqazda - Avropa və Asiya arasında yeni siyasi nizamın formalaşması deməkdir:
“Bu, regionda təhlükəsizliyin təmin olunması baxımından bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan Rusiya faktoruna görə bu platformada yer almayacağını elan etsə də, onun Türkiyədə keçiriləcək toplantıya qatılması gözlənilir. Əsas məsələ bu platformanın işlək duruma gətirməkdir. Bunun isə ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və sülh müqaviləsinin bağlanmasından aslı olacağını düşünürəm. Hesab edirəm ki, Ermənistan buna getməsə, işlər bir qədər mürəkkəbləşə bilər. Təbii ki, Ermənistanın verəcəyi belə bir qərar onun öz daxilində növbəti siyasi-iqtisadi kataklizmə yol açacaq.
Prezident Ərdoğan və Prezident İlham Əliyevin birgə planı olan bu platforma ilk növbədə Zəngəzur dəhlizinin açılmasını da özündə əks etdirir. Türkiyə Ermənistanla normallaşma prosesinə daxil olub. Ankara Ermənistanı Azərbaycanla da normal münasibətlərə sövq edəcək”.
Məhəmməd Əsədullazadə bildirib ki, “3+3” formatının Türkiyədə keçiriləcək görüşündə Ermənistanın mövqeyi bəlli ola bilər:
“Hesab edirəm ki, Ermənistan bu platformada yer alacaqsa, Azərbaycanın şərtlərini qəbul etməlidir. İrəvan üçün bunun alternativi yoxdur”.